
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Türkiyə Futbol Federasiyası Arbitraj Qurumunun “müstəqil və tərəfsiz bir orqan olmadığı” və “quruluşun dəyişməsinin zəruriliyi” barədə qərar qəbul etdi.
AİHM nin qəbul etdiyi qərar Türkiyənin
Trabzonspor klubunun köhnə oyunçularından olan Ömər Kərim Əli Rızanın iddiası əsasında
verilmişdir.
Eyni zamanda ingilis vətəndaşı
olan Ömər Kərim Əli Rıza, maaşlarını və mükafatlarını verməyən Trabzonspor
klubu ilə müqaviləsinin davam etməsinə baxmayaraq, İngiltərəyə qayıtmış və iki
tərəf arasındakı anlaşılmazlıq əvvəlcə Türkiyə Futbol Federasiyası (TFF)
Mübahisələrin Həlli Şurasında, daha sonra isə TFF Arbitraj Qurumunda
baxılmışdır.
Mübahisələrin Həlli Şurası
futbolçunun müqaviləyə haqsız olaraq xitam verdiyi barədə qərar qəbul etdi. Bu
səbəblə də futbolçunun Trabzonspor klubuna təzminat ödəməli olduğuna dair qərar
qəbul edib, dörd ay müddətində futboldan kənarlaşdırılma cəzası vermişdir. Bu qərardan
narazı qalan futbolçu Arbitraj Qurumuna müraciət etmişdir. Arbitraj Qurumu
futbolçunun ödəyəcəyi təzminatın məbləğini azaldaraq, kənarlaşdırma cəzasını da
ləğv etmişdir.
Əli Rıza daha sonra mübahisəni
FİFA Mübahisələrin Həlli Şurası və İdman Arbitraj Məhkəməsinə göndərmiş, lakin
bu orqanlar “səlahiyyətli” olmadıqları üçün mübahisəyə baxmaqdan imtina
etmişdir.
2010-cu ildə Əli Rıza son çarə
olaraq AİHM-ə müraciət etdi. O, müraciətdə Arbitraj heyəti üzvlərinin TFF İdarə
heyəti tərəfindən təyin olunduğunu və TFF-nın isə əsasən peşəkar futbol klublarının nümayəndələrindən
təşkil olunduğunu, bu səbəbdən də "müstəqil və qərəzsiz qərar çıxara bilməyəcəklərini"
iddia etdi. Bununla
da, Avropa
İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırmasını təmin edən 6-cı
maddəsinin pozulduğunu iddia etdi.
Əli Rızanın bu iddiaları AİHM tərəfindən
qəbul edildi. Məhkəmə öz qərarında, Arbitraj Qurumunun profesional futbol
klublarının idarəedicilərindən qurulan TFF tərəfindən, vəzifə müddətləri öncədən
müəyyən edilmədən və işlərə baxarkən tərəfkeşlik etməyəcəkləri barədə and içmək
prosesi olmadan təyin edilmələri Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli
mühakimə hüququ ilə bağlı 6-cı maddəsi ilə ziddiyət təşkil edir.
Qərarda Arbitraj Qurumu daxilində
heç bir etik qaydaların olmadığına və TFF qərarlarının məhkəmə baxışına açıq
olmadığına işarə edildi.
AİHM bu vəziyyətdə Əli Rızanın
Arbitraj Kollegiyasının qərəzsizliyini və müstəqilliyini şübhə altına almasının
"qanuni" olduğu qənaətinə gəldi.
Məhkəmə Türkiyə futbolundakı
mübahisələrin həllində "sistemli problemin" olduğunu da öz qərarında
qeyd etdi. Dövlətin, TFF rəhbərliyinə qarşı Arbitraj Qurumunun müstəqilliyini təmin
edən və institusional quruluşunu əhatə edəcək islahat həyata keçirməsinin gərək
olduğunu da öz qərarında göstərdi.
Qərara görə Ankara Ömər Kərim Əli
Rızaya 12 min 500 Avro mənəvi təzminat və 6 min 975 Avro məhkəmə xərcləri ödəməlidir.
İdmanda mübahisələrin həlli və
arbitraj mexanizmi ilə bağlı bu qərar ilk olması baxımından həm Türkiyə, həm də
Avropa üçün nümunədir.
AİHM-in gündəmində hazırda oxşar
hallarla işlər çoxluq təşkil edir.
© Kamil Manafov
İstinadlar:
1. https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-200548%22]}
2. https://blog.lexpera.com.tr/tff-tahkim-kurulunun-bagimsizligi-ve-tarafsizligi-meselesi/#fnref26
3 .https://link.springer.com/article/10.1007/s40318-019-00151-w
1. https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-200548%22]}
2. https://blog.lexpera.com.tr/tff-tahkim-kurulunun-bagimsizligi-ve-tarafsizligi-meselesi/#fnref26
3 .https://link.springer.com/article/10.1007/s40318-019-00151-w