9 Aralık 2019 Pazartesi

İdman hüququnun əhəmiyyəti

     
                        İdman hüququnun əhəmiyyəti

 İdmançıların davranışlarını və onlara nəzarət edən qurumları tənzimləyən sərt qanun-qaydalar olmasaydı, idman indiki qədər uğurlu və populyar olmazdı. Hər il ötən ildəkinə nisbətdə daha çox idman yarışları keçirilir və daha çox idmançı bu təbirlərə qoşulur, mükafatlar qazanır. Lakin bütün bu sadalanan proses boyu idman hüququnun əhəmiyyəti elə də nəzərə çarpmır.                                                                                                    Üzdə olan simalar əksər hallarda idmançılar olduğu üçün bu işin hüquqi tərəfi hər zaman arxa planda qalır. Buna görə də idman hüququ anlayışı, idman və hüququn əlaqəsi insanlara ilk baxışdan yad gələ bilər.                                                                                
İdman hüququ idmançılara iştirak etdikləri müxtəlif yarışlarda bərabər imkanlar və seçimlər verilməsini təmin edir. Onlara dini, irqi, boy və çəki amillərinə görə ayrıseçkiliyin edilməsinə qarşı çıxır. Hər bir kəs hər hansı bir idman növündə bacarığı və istedadı olduğu müddətdə ədalətli fürsət əldə etmək hüququna malik olur. İstənilən idman növündə yarışlarda məhdud yerlər olduğu üçün, seçim prosesi ədalətli olmalıdır. Ədalətin olması isə müvafiq qanunlarla tənzimlənməlidir. Məsələn, dünyanın ən məşhur idman növü olan futbol, “Beynəlxalq Futbol Assosiasiyasının İdarə Heyəti” (The International Football Association Board) tərəfindən hazırlanmış 17 qaydaya əsasən bütün dünyada, ən ucqar kəndlərdən tutmuş Dünya Çempionatınadək eyni qaydalarla oynanılır. Bu qaydalar sayəsində futbol oyunları zamanı müəyyən praktika formalaşır ki, həmin praktikaya əsasən də həm oyunçular, həm hakimlər, həm də tamaşaçılar oyun zamanı hadisələrin gedişatını müəyyən etməkdə çətinlik çəkmirlər.
Ədalətli seçim və idmançıların yarışlara qatılmaq prosesindən sonrakı mərhələ isə ədalətli qonorar məsələsidir. Buna nəzarət edən bir qurum olmazsa, idmançılar öz rəhbərlərinin (komanda sahibləri) mərhəmətinə qalarlar. İdman hüququ isə bunun baş verməsinə mane olur. Ədalətli qonorar aldıqdan sonra, idmançılar da digər vergi ödəyiciləri kimi vergi ödəməlidirlər. Vergi öhdəliklərini yerinə yetirmədikləri halda, ölkələr hər il milyonlarla vergidən məhrum olar. Məsələn, dünyanın ən güclü futbol liqalarından olan İspaniya çempionatında futbolçulardan 52%-dək vergi tutulur. Eyni zamanda, oyunçular böyük miqdarda pullar qazanmaqla, bazarda ədalətsiz üstünlük əldə edə bilərdilər. İdman hüququ həmçinin, oyunçuları işsizlikdən də qoruyur. Tərəflər arasında bağlanan müqavilə idmançıların səbəbsiz yerə işəgötürənlər tərəfindən işdən azad edilməsinin qarşısını alır.  Bu, balans yaratmaq və zərərli tətbiqlərin qarşısını almaq üçün nəzərdə tutulub. Müqavilə tərəflərə bərabər imkanlar yaratmalı, oyunçuların müqavilənin şərtlərini tam şəkildə yerinə yetirməsinə imkan verməlidir. Digər tərəfdən oyunçular da müqavilənin şərtlərinə əməl etməyə borcludurlar. Eyni zamanda işçilər iş zamanı xəsarət aldığı kimi, oyunçular da oyun müddətində zədələnirlər. Belə anlarda oyunçuların işəgötürənlər tərəfindən göstərilən səhiyyə xidmətlərindən istifadə etmək hüququ vardır. Bunu biz əyani şəkildə oyun zamanı zədələnən oyunçu olduqda meydana çıxan tibbi heyətin simasında görə bilirik. Bununla yanaşı, oyunçulara zədədən qayıtdıqdan sonra oynamaq imkanları yaradılmalıdır. Bir oyunçu ağır zədə səbəbindən oynaya bilmədiyi hallarda isə kompensasiya almaq hüququna malikdir.

İdman hüququ həmçinin idmançıların dopinq və narkotik vasitələrdən istifadə edərək yaxşı nəticələr qazanmasının da qarşısını alır. Bunun üçün oyundan və ya yarışlardan dərhal sonra yaxşı tərəfdən seçilən və yaxşı nəticələr qazanmış idmançılar dopinq testindən keçirilir. Bütün bunlara dair siyasət və qaydalar tənzimləyici orqanların haqsız əməllərindən yayınmaq üçünxüsusi qanunlarla yaxşı müəyyən edilmişdir. Bu yolla, idman hüququ hər addımda mükəmməl yoxlama və tarazlıq sistemi yaradır.
  
Mənbə: