Dünyanın ən yaxşı idmançıları ilə
böyük məbləğlər qarşılığında müqavilələrin bağlandığını eşitməyə alışmışıq.
Lakin bəzi idman növlərində əmək haqqı
və oyunçuların dəyərinin artması dramatik xarakter daşıdığından bu,
hal-hazırda hər kəs tərəfindən birmənalı qarşılanmır. Bu mənzərəyə əksər hallarda dünyanın ən
populyar idman növü olan futbolda rast gəlinir.
Öncə bunu qeyd edim ki, bütün
peşəkar futbolçular milyonlar qazanmır. Orta səviyyəli profesional futbolçu
karyerası ortalama 8-10 il müddətində olur. Beləliklə, peşəkar bir futbolçunun
orta hesabla 8-10 mövsümü var ki, normal peşə sahibinin təqaüdə çıxmazdan əvvəlki müddət ərzində
qazana biləcəyi qazancı əldə etsin.
Bu zaman düşünə bilərik ki,
futbolçular karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərə
bilirlər. Amma statistikaya əsasən, futbol mütəxəssisi kimi karyerasına
başlayan keçmiş futbolçulardan ilk 2 ildə 50%-i, ilk 5 ildə isə cəmi 20%i öz
işlərini davam etdirir.
1960-70 ci illərdə futbolçular öz güclərini sübut etdiyi və bunun qarşılığını tələb etdiyi dövrlərdə transfer və əmək haqqı qaydalarında müəyyən dəyişikliklər başladı. 1960-cı illərin əvvəllərində "Maksimum əmək haqqı" prinsipi ləğv edildikdə, klublara daha yaxşı oyunçuları cəlb etmək üçün daha böyük məbləğdə pullar təklif etmək mümkün oldu. 1979-cu ildə İngiltərə Birinci Divizionunda mübarizə aparan “Nottingham Forest” klubu hücumçu Trevor Francisi transfer etməklə dünyanın ilk milyon funt sterlinqlik müqaviləsini bağlamış oldu.
1995-ci ildə Avropa Ədalət
Məhkəməsi “Bosman” işində oyunçuların
xeyrinə qərar verdikdən sonra daha yüksək əmək haqqı üçün yeni qapılar açıldı.
Qərara görə, klubla müqaviləsi başa
çatmış futbolçular transfer haqqı ödənilmədən başqa kluba keçə bilərdilər. Bununla
da, əvvəllər transfer haqqına sərf edilən pullar artıq futbolçulara maaş
təklifi üçün istifadə olunmağa başladı və Avropanın ən güclü klubları
futbolçulara yüksək maaşlar təklif
edərək bir-birləri ilə rəqabətə girdilər.
Nəticə olaraq, futbolçuların
dünyanın ən çox maaş alan idmançıları sırasına düşdüyü müddətədək maaşları daim artan traektoriya ilə davam
etdi. Məsələn, dünyanın ən çox qazanan oyunçusu Barselona və Argentina milli
komandasının üzvü Lionel Messi maaş və digər gəlirlərini nəzərə alsaq ayda 7
milyon funt sterlinq qazanır. Bu, Baş nazirin maaşının təxminən 600 misli hesab
oluna bilər. Maaş artımı yalnız məşhur futbolçulara şamil edilmir. Hal-hazırda
Premyer Liqanın orta səviyyəli klubunda forma geyinən oyunçu 1960-cı illərdə
dövrünün ən güclüsü sayılan futbolçuların
1 ildə əldə etdikləri əmək haqqını 1 həftə ərzində qazanır.
Futbolçulara
bu qədər məbləğlər niyə verilir : tələb və təklifin iqtisadi nəzəriyyəsi.
Tələb və təklif bir az cazibə
qanununun iqtisadi versiyasına bənzəyir. Bu vəziyyətdə, təklif, İngiltərə
Premyer Liqası kimi üstün çempionatlarda oynamağı bacaran futbolçuların
sayıdır. Tələb isə, oyunçuları almaq istəyən komandaların sayı ilə müəyyən
olunur.
Futbol dünya səviyyəsində məşhur bir
idman növüdür, milyonlarla gənclər isə məşhur futbolçu olaraq zirvəyə çıxmaq istəyirlər,
lakin onlardan çox az bir qismi ən yaxşı liqalarda oynamaq üçün kifayət qədər
bacarıqlı və istedadlı olurlar. Futbolçuların sayı çox olsa da, Messi və
Ronaldo kimi istedadlı oyunçular çox az hallara yetişir.
Futbolun vətəni sayılan İngiltərədə
üst liqalarda oynamaq üçün mübarizə aparan çoxlu sayda gənc oyunçular var.
Burada hər il aşağı liqalarda oynayan
1.5 milyon gənc oyunçudan yalnız 180-in nəticədə peşəkar futbolçu kimi
Premyer Liqaya çıxacağı təxmin edilir. Buna görə də potensial super ulduzların
sayı azdır, komandanın titul qazanma şansını artırdığı üçün istedadlı futbolçulara tələbat çox yüksəkdir.
Oyunçular
aşağıdakı meyarlara əsasən daha çox məvacib alırlar:
1.
Performans amili
2.
Liqa
3.
Futbolçunun imici
4.
Yaş amili
5. Beynəlxalq status (hansı ölkənin
milli komandasında oynaması)
6.
İstedad və bacarıq
7.
Zədələnmə həssaslığı və tarixi
Klublar əvvəlkindən daha çox qazanc
əldə etdikləri üçün oyunçulara getdikcə daha yüksək maaş verilir. Ödənişli
Televiziya bazarı kimi qloballaşma və texnoloji irəliləyişlər nəticəsində
futbol daha məşhur idman növünə çevrildi və daha çox qazanc əldə etdi. Bütün
sektorlardan olan şirkətlərin futbolla əlaqələndirilməsini istəməsinin səbəbi,
milyardlarla insanın auditoriyasını cəlb etməsi və dünyada hər hansı bir marka
üçün ekspozisiya
təklif etməsidir. 1992-97-ci illərdə Premyer Liqanın ilk mövsümləri üçün yayım hüquqları 200 milyon funt sterlinqdən az məbləğə satıldı. 2016-19 illəri üçün isə Televiziyalara yayım hüquqları 5 milyard funt sterlinqdən daha artıq məbləğə
satıldı. Bu məbləğ birbaşa Premyer Liqa klublarına çatır, bu da oyunçulara daha
çox pullar xərcləmək imkanı verir.
Son illərdə idman böyük biznesə
çevrildiyindən qumar və mərc şirkətlərinin əksəriyyəti də futbol oyunları ilə
əlaqəlidirlər. Bəzi mərc şirkətləri futbol çempionatlarına, klublara sponsorluq
etməklə yanaşı, futbol oyunlarının geniş miqyasda təbliğini aparır və futbol
oyunlarından yüksək məbləğlər əldə edir.
Əlbəttə ki, bu, maaş artımının
qeyri-müəyyən davam edəcəyi demək deyil. Futbol populyarlığının azalması ilə
qarşılaşarsa, reklam, yayım və sponsorluq gəlirləri azalacaq və oyunçu maaşları
azaldılmalı olacaq. Ancaq hal-hazırda buna dair bir işarə yoxdur və yaxın
gələcəkdə futbolçuların maaşlarının artmaqda davam edəcəyi ehtimalı var.
Kamil Manafov
Kamil Manafov
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
1.Royal club liégeois SA v Jean-Marc Bosman and others - Eur-lex.
2.A demographic analysis of MLS players - soccermetrics.net
3. Why are football players paid so much ? - Charlie Hodge
4.Why are football players paid so much ? - Bank of England
5. Wikipedia.org


