31 Temmuz 2020 Cuma

Basketbol Arbitraj Tribunalı

İdman sahəsində mübahisələrin həlli qurumları barədə düşündükdə ilk ağlımıza gələn idmanla bağlı mübahisələri arbitraj yolu ilə həll edən İdman Arbitraj Məhkəməsi olur. Bu yazımda isə sizə Basketbol dünyasında ortaya çıxan problemləri həll etmək üçün yaradılan Basketbol Arbitraj Tribunalından (BAT) bəhs edəcəm.

Yarandığı gündən etibarən Basketbol sahəsində müqavilələrə dair mübahisələri sürətli və səmərəli həll edən, yenilikçi mexanizmlərlə qurulmuş bu qurum keyslərin sayına görə dünyada ikinci ən böyük arbitraj tribunalına çevrilmişdir. Zamanla arbitrlərin verdiyi qərarlar basketbol müqavilələrində oxşar işlərə tətbiq oluna bilən, ədalət və bərabərlik prinsiplərinə söykənən qanunvericilik toplusu yaratmağa başladı.

29 May 2007-ci ildə BAT ilk qərarını elan etdi. İlk ilində Panel cəmi 2 qərar qəbul etdi. Həmin ildən etibarən BAT a gələn müraciətlərin sayı ildən ilə artmağa başladı və 2016-ci ildə BAT artıq 158 keysə dair mübahisəyə baxmışdır. 13 il ərzində ümumilikdə BAT 1500-cü keysi  icraatına qəbul edir.

 

BAT və onun əsası

Basketbol Arbitral Məhkəməsi, oyunçular, agentlər, məşqçilər və klublar da daxil olmaqla basketbol idman növündə maraqlı tərəflər arasında yarana biləcək mübahisələrin arbitraj yolu ilə həll edilməsi üçün xidmətlər göstərən müstəqil bir qurumdur.

Beynəlxalq Basketbol Federasiyası (FIBA) tərəfindən rəsmi olaraq tanınan və FIBA Ümumi Əsasnaməsinə əsasən fəaliyyət göstərən bu qurum tərəflər arasındakı mübahisələrin arbitraj yolu ilə sürətli və sadə həlli üçün yaradılmışdır.

BAT-ın yaradılması oyunçuların nümayəndələrinin iddiaları nəticəsində, müqavilələrdəki tərəflərin bu müqavilələrin şərtlərinə riayət və hörmət etmələrini şərtləndirən mübahisələrin həlli mexanizminin yaradılması tələbi ilə ortaya çıxdı. Milli məhkəmələrə müraciət etmək tərəflər üçün çox uzun və baha başa gələn bir prosedur idi.  Bu isə beynəlxalq basketbol aləmində müqavilə pozuntularının tez-tez cəzasız qalmasına və zərərçəkmiş tərəfin öz maraqları uğrunda illərlə ona yad olan hüquq sistemində, xeyli maliyyə xərcləri ilə mübarizə aparmalı olmasına gətirib çıxarırdı.

Bu problemi aradan qaldırmaq üçün, əsasən kompüter əsaslı olan, tək bir arbitr ilə işləyən və hər hansı milli hüquq sisteminə əsaslanmayan, bərabərlik və ədalət prinsipləri əsasında qurulan Basketbol Arbitraj Tribunalı meydana gəldi.


BAT necə işləyir ?

Mübahisələrin həllini daha effektiv etmək üçün daxili tribunallar yaradan digər idman qurumlarından fərqli olaraq, BAT müstəqildir. Əsas xüsusiyyətləri bunlardır:

a.      Bütün arbitrajların mərkəzi İsveçrənin Cenevrə şəhərindədir. Arbitraj həmişə tərəflərin yaşayış yerindən asılı olmayaraq, İsveçrə Beynəlxalq Xüsusi Hüquq Aktının (PILA) 12-ci Fəsli ilə tənzimlənir. Arbitrajın dili ingilis dilidir.

b.      Bütün mübahisələr BAT prezidenti (Prof. Dr. Ulrich Haas) tərəfindən təyin edilmiş, yeddi hakimin qapalı siyahısından çıxarılan vahid arbitr tərəfindən baxılır. Arbitrlər və BAT prezidenti saat dərəcələri əsasında qonorar alırlar. Onların qonorarı icraatlarında olan işin mürəkkəbliyinə görə dəyişir. Normal olaraq 4.000-12.000 avro arasında, orta hesabla 8.000 avrodan çox olmayan məbləğdə qonorar alırlar.

c.       Arbitrlər hər hansı milli və ya beynəlxalq hüquqa istinad etmədən, ədalət və ədalətin ümumi prinsipləri əsasında qərar qəbul edir. Əgər müqavilə müddəalarında tərəflər üçün hər hansı ədalətsiz şərtlər yoxdursa, bu zaman mübahisələrə milli hüquqa geniş istinad etmədən, müqavilə müddəalarına əsasən baxılır.

d.      Dinləmələr və şahidlərin ifadələri yalnız istisna hallarda baş verir. Arbitrlər xüsusi hallarda, əgər bu ifadələri işin nəticəsi üçün önəmli hesab edirlərsə, prosesin ilk mərhələsində, mübahisəyə mahiyyəti üzrə baxmamışdan öncə bu haqda qərar qəbul edirlər.

e.       Tərəflərə öz briflərini göndərmək üçün qısa müddət verilməklə barəbər, mümkün qədər sənədsiz arbitraj həyata keçirilir. Yüksək səmərəli arbitraj prosesləri yalnız tərəflərin yazılı təqdimat göndərməsi ilə yekunlaşır. Qərarlar isə arbitraj prosesi bitdikdən 6 həftə sonra elan olunur.

f.       BAT qərarına əməl olunmaması, Beynəlxalq Basketbol Federasiyası tərəfindən sanksiyalara səbəb olur. Belə ki,  pul cəzası, Beynəlxalq Basketbol Federasiyasının verdiyi Nümayəndəlik lisenziyasının geri alınması, oyunçunun beynəlxalq transferinə qadağa və ya klub üçün yeni oyunçuların qeydiyyatının qadağası kimi sanksiyalar tətbiq oluna bilər.  

Tribunalın gündəlik fəaliyyəti və BAT-a gələn bütün məhkəmə proseslərinin inzibati tərəfləri Münhendə yerləşən BAT Katibliyi tərəfindən idarə olunur.

 

BAT-ın Basketbol dünyasına təsiri

Tribunal təkcə milyon avroluq işlərə deyil, həm də daha kiçik iqtisadi təsirli işlərə baxır və hər il mübahisələrin sayı durmadan artmaqda davam edir.

Qərarların dərc edilməsi isə müqavilələrin peşəkarlığına və profesional səviyyədə basketbolun inkişafına səbəb olacaq hüquqi bazanın yaradılmasına töhvə verir. Bununla yanaşı bu hüquqi bazanın yaranması Basketbol kimi beynəlxalq və sürətli inkişaf edən bir idman sahəsində oyunçuların müxtəlif ölkələrin liqalarına transferi zamanı özlərini daha təhlükəsiz hiss etməsinə kömək edir.

Basketbolda digər idman növlərindən fərqli olaraq müqavilə müddətləri daha qısa müddətə, adətən 2 il müddətinə bağlanır. Eyni zamanda, müxtəlif liqalar və komandalar arasında çox sayda oyunçu transferləri baş verir. Bütün bunların fonunda BAT-ın fəaliyyəti oyunçu və komandalar, həmçinin agentlər üçün əlverişli transfer bazarının yaranmasına səbəb olur.

© Kamil Manafov




İstinadlar: