28 Mayıs 2020 Perşembe

Transgender idmançılar yarışlarda öz gender kimliklərinə uyğun kateqoriyada iştirak edə bilərlər mi ?



Transgender idmançıların Olimpiya oyunlarında iştirakı təkcə idman qaydaları baxımından yox, eyni zamanda cəmiyyətin gender münasibətlərinə yanaşması baxımından da mübahisələr doğurur. Nəzərə alsaq ki, transgenderlərin cəmiyyətdə ümumiyyətlə qəbul olunmasına dair fikirlər birmənalı deyil, o zaman bunu anlamaq elə çətin deyil. Gələcəkdə gender neytrallığının artması ilə bu mübahisələr daha da arta bilər.
İdman sahəsində həmişə ayrı-seçkiliklə bağlı mübahisələr olub. İdman təşkilatları ədalətin təmin olunması və ayrı-seçkiliyin azaldılması istiqamətində çoxlu səy göstərirlər. Ümumilikdə bütün beynəlxalq idman təşkilatları, xüsusilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) idman yarışlarında idmançıların iştirakının ədalətli təmin olunması üçün çalışmalıdırlar: transgender idmançılarla yanaşı, cisgender  idmançılar üçün də.
Bu müzakirələr zamanı əsas məqsəd sonda hər kəs üçün bərabərlik və bərabər imkanlar təmin etməkdir. Transgender idmançıların Olimpiya oyunlarında iştirakının istisna edilməsi isə bu bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Transgender idmançıların iştirakı məsələləri təkcə həmin idmançılara təsir etmir, eyni zamanda onlara öz rol modeli kimi baxan gənclərə də öz təsirini göstərir. Bu idmançılardan biri kimi, kişidən qadına keçid edən transgender ağırlıqqaldıran Laurel Hubbard’ı misal göstərə bilərik. Keçid etdikdən sonra qadınların ağırlıqqaldırma üzrə kateqoriyasında mübarizə aparan idmançı böyük uğurlar və qələbələr əldə etməyə başlayır. Bu uğurlar, onu izləyən gənc transgender insanlar üçün motivasiya mənbəyi olmaqla, onları idman yarışlarında iştiraka təşviq edir. Eyni zamanda, intihar riski yüksək olan transgender insanlar üçün idman həyat qurtarıcı bir əhəmiyyətə sahibdir: “Onlar özləri ilə mübarizə apardılar və yanlış bədəndə olduqlarını hiss etdilər və idman onlara bədənləri və nələr edə biləcəyi mövzusunda xoşbəxt olmaq üçün bir yer verir”. (Helen Carrol, LGBTQ sports advocate)
Lakin Laurel Hubbard’ın uğurları digər qadın iştirakçılar və məşqçilər arasında ciddi narazılıqlara səbəb oldu. Onun keçmişdə kişilərin kateqoriyasında yarışması və çempion olması da narazılıq səbəblərindən biri idi. Transgender idmançıların hətta idmanı məhv etdiklərini, yarışmaçılar arasında ədalətli rəqabətlilik prinsipinin pozulmasını da iddia edirlər. 
1960-cı illərdə yarışmalarda iştirak edən qadın idmançılar öz cinslərini sübut etmək üçün cinsi orqanlarını yarış rəsmilərinə göstərirdilər. Bir müddət sonra bu  “çılpaq paradlar” özünü xromosom testləri ilə əvəz etdi. Lakin bu yol da effektiv olmadı. 2004-cü ildə BOK transgenderlərə bir neçə ciddi şərtlərlə Olimpiadalarda iştirak icazəsi verdi. Bu şərtlər, cinsiyyət dəyişikliyi üçün əməliyyat, müvafiq rəsmi orqanlar tərəfindən cinsiyyətin hüquqi olaraq tanınması və ən azı 2 illik yoxlanıla bilən hormon əvəzedici terapiyadan ibarət idi. Nəhayət BOK-nin 2015-ci ildə qəbul etdiyi son təlimata əsasən, idmançıların ümumi testesteron səviyyəsinin ən azı son 12 ay ərzində litr başına 10 nanomoldan aşağı olması barədə qərar qəbul edildi. Eyni zamanda cinsiyyət dəyişikliyi üçün əməliyyat da aradan qaldırıldı.
Hal-hazırda qadından kişiyə keçid edən idmançılar məhdudiyyətsiz olaraq kişilərin kateqoriyasında yarışa bilirlər. Burada əsas problem kişidən qadına keçid edən idmançıların qadın kateqoriyasında iştirakı ilə bağlıdır. Bunun əsas səbəbi isə, digər qadın yarışmaçılar üçün ədalətli rəqabətin təşkil olunması və kişi və qadınlar arasında olan fizioloji fərqlərin olmasındadır. Fizioloji fərqlərin əsas amili, ilk növbədə kişi və qadınların idman yarışlarında ayrı-ayrı kateqoriyalarda iştirakıdır. "Ortalama qadının gücü kişinin 3/2 bərabər olur, sümükləri daha kiçik olur və oksigen daşıma qabiliyyəti daha az olur. Fizioloji fərqlərin olması kişilərin daha güclü, sürətli və böyük olmasına gətirib çıxarır. Bu fərqlərin isə hamısını tibbi keçid prosesində idarə etmək olmadığından, kişi olaraq doğulamağın üstünlükləri  transgender idmançılarda qalır." (6, Andrew Latham, 28/06/18)
Kişi və qadın bədənlərini müzakirə edən zaman digər əsas mübahisə mövzusu testesteron fərqində olur. Beynəlxalq Olimpiya Komitəsinin 2015-ci ildə qəbul etdiyi təlimata əsasən, qadın kateqoriyasında yarışan idmançıların ümumi testesteron səviyyəsi ən azı son 12 ay ərzində litr başına 10 nanomoldan aşağı olmalıdır. Lakin qadınlarda olan testesteron səviyyəsinə baxdıqda bu rəqəmin heç də birmənalı qarşılanmadığını görə bilərik. Belə ki, qadın testesteronunun səviyyəsi 0.12-1.79 arasında olur, kişilərdə isə bu 7.7-29.4 arasıdır. Bu isə o deməkdir ki, hətta BOK-un təlimatına əməl edən transgender idmançılarda belə testesteron səviyyəsi qadın idmançılara nisbətən 5 dəfə daha çox ola bilər. Testesteronun daha yüksək səviyyəsi əzələ kütləsini artırır və yorğunluğu azaldır, bu isə yüksək səviyyəli idman yarışlarında idmançılar üçün çox vacib əhəmiyyət daşıyır. Bütün bu səbəblərə görə, testesteronun yüksək səviyyədə olması və fizioloji üstünlüklər transgender qadınlara qarşı yarışarkən digər idmançılar üçün dezavantaj hesab edilir.
Nəticədə, hal-hazırda əksər cəmiyyətlər insanların öz gender kimliklərini dəyişdirmək hüququnu tanıyır, lakin bəzi sahələrdə balansı yaratmaq çox çətin olur və idmandakı rəqabətliliyin qorunması nəzərindən bu çox çətin bir prosesdir. Beynəlxalq idman təşkilatları fizioloji fərqləri müxtəlif qaydalarla həll etməyə çalışırlar, amma bunun qısa müddətdə həll edilməsi gözlənilmir. Həll yolları arasında ən ağlabatan variant isə, qadın kateqoriyasında yarışan idmançıların ümumi testesteron səviyyəsinin 5 nanomala endirilməsi haqqında qərarın verilməsidir. Növbəti Olimpiya oyunlarında BOK tərəfindən bu barədə qərarın verilməsi gözləniləndir.
© Kamil Manafov



İstinadlar:

1. Should Trans Women Compete in Women's Sports? - https://www.wsj.com/articles/should-trans-women-compete-in-women-s-sports-11573602744
2. Trans Athletes Are Posting Victories and Shaking Up Sports https://www.wired.com/story/the-glorious-victories-of-trans-athletes-are-shaking-up-sports/
3.Should Transgender athletes be allowed to compete in the category that matches their gender identity in the 2020 Olympics? - http://www.open.ac.uk/blogs/OU-Sport/?p=2304
4.  This scientist is racing to discover how gender transitions alter athletic performance—including her own  - https://www.sciencemag.org/news/2018/07/scientist-racing-discover-how-gender-transitions-alter-athletic-performance-including
5. Piers Morgan slams Kiwi weightlifter Laurel Hubbard: 'Women's rights to basic fairness and equality are getting destroyed' - https://www.stuff.co.nz/sport/other-sports/119877954/piers-morgan-slams-kiwi-weightlifter-laurel-hubbard-womens-rights-to-basic-fairness-and-equality-are-getting-destroyed
6. Physiological Differences Between Male and Female Athletes  https://work.chron.com/physiological-differences-between-male-female-athletes-20627.html

13 Mayıs 2020 Çarşamba

COVID-19 pandemiyası dünya futbolunda fors major halı hesab ediləcək mi ?


COVİD-19 pandemiyasının dünya futboluna təsiri

COVİD-19 pandemiyası dünyada bütün sahələrə böyük ölçüdə mənfi təsirini göstərdi. Pandemiyanın idman sahəsinə təsiri ikinci dərəcəli narahatlıq doğursa da, bütün ölkələrdə, bütün idman sahələrində və bütün səviyyələrdə böyük anlaşılmazlıqlara və çətinliklərə gətirib çıxardı.

İdman hadisələrinin təxirə salınması (Tokio 2020 Olimpiya oyunları kimi), tamamilə ləğv olunması (Wimbledon tennis turniri kimi) və vaxtından əvvəl bitməsi (Belçika Pro Liqası kimi) yaranan mübahisələrin dairəsini müəyyən edir. Xüsusilə, hazırki durumun dünyada bütün sahələr üçün, ən azı idman dünyası üçün tamamilə yeni olması bu mübahisələrin hüquqi həllərinin müəyyən edilməsini zəruri edir.

UEFA tərəfindən mart ayında fasilə verilən Avropa liqalarına mövsümü başa vurmaq tapşırılmışdır. İdarəetmə orqanları yerli liqalarda nəticələrin kağız üzərindəki hesablamalara görə yox, məhz meydançadakı nəticələrə əsasən müəyyən olunmasına qərar vermişdir. Bu səbəbdən də, Avropanın əksər top liqaları azərkeşlərin iştirakı olmadan daxili çempionatlarını avqust ayınadək sona çatdırmağa ümid edir. Lakin bir çox oyunçu müqavilələrinin müddətinin əvvəlcədən nəzərdə tutulduğu kimi mövsümün sonunda, yəni iyunun 30-da başa çatması, eyni zamanda, iyul ayının əvvvəlindən etibarən yeni transferlərin komandaya cəlb edilməsi haqqında yeni müqavilələr tərəflər arasında anlaşılmazlıqlara səbəb olur.

Məsələn, İngiltərənin “Çelsi” klubunun hücümçusu Olivier Giroud və yarımmüdafiəçisi Willianın müqavilələri iyun ayının 30-dan etibarən başa çatır, əvəzində Hollandiyanın “Ayaks” klubunun yarımmüdafiəçisi Hakim Ziyech isə iyul ayından etibarən  “Çelsi” futbol klubuna qoşulmalı idi. Premyer Liqanın başa çatması may ayına planlaşdırılmışdır, lakin indiki halda mövsümün başa çatması üçün klubların ehtiyyatda hələ 9 oyunu qalıb. Bu oyunların isə iyul ayına qədər keçirilməsi sual altındadır.


Bütün bu məsələləri nəzərə alaraq, 7 aprel 2020-ci ildə FİFA “COVİD-19:Futbolun Tənzimlənməsinə dair Məsələlər”( COVID-19:Football Regulatory Issues document) adlı təlimatını imzaladı. Bu təlimatda FİFA, klubları və oyunçuları futbol yarışlarının təxirə salındığı bir dövrdə razılaşma və ortaq həll yolu tapması üçün birgə çalışmağa çağırmışdır. Hər şeydən öncə hər bir ölkənin yerli vəziyyətinə uyğun olaraq həll yolu tapması üçün FİFA ölkələrə müxtəlif tövsiyyələr vermişdir. Bundan başqa klubların futbolçular və məşqçilərlə bağladıqları və müddəti sona çatmış müqavilələrin sezonun sonunadək birtərəfli qaydada uzadılması və transfer pəncərələrinin vaxtının dəyişdirilməsi tövsiyyə edilmişdir.

Bundan əlavə, əgər müddəti bitmiş müqavilədən dərhal sonra yeni bir klubla müqavilə varsa, bu zaman hər üç tərəf (keçmiş klub, yeni klub və oyunçu) köhnə müqavilənin müddətinin uzadılması və yeni müqavilənin başlanma tarixinin dəyişdirilməsi barədə razılığa gəlməlidirlər.

Müqavilənin müddətinin uzadılmasına isə, məsələn, maliyyə çətinliyi və digər səbəblərə görə bir klubun müqavilə şərtlərinə əməl edə bilməməsi ilə eyni şəkildə baxıla bilməz. Əgər bu iş FİFA və ya İdman Arbitraj Məhkəməsinə (CAS) getsə belə, bir klubun oyunçunun müqaviləsini birtərəfli şəkildə uzadılmasını həyata keçirməsi heç də asan olmayacaq.

Ümumiyyətlə qlobal miqyasda və yeni şəraitdə hər hansı göstərişlər vermək çox mürəkkəb və təqdirəlayiq haldır. Lakin bu göstərişlərin müxtəlif hüquqi yurisdiksiyalarda bir çox suallara və anlaşılmazlıqlara səbəb olacaq fərdi hallar yaradacığını öncədən görmək lazımdır.

Digər bir mürəkkəb məsələ isə, Sürixdə fəaliyyət göstərən FİFA-nın təlimatlarının hər hansı bir oyunçu, klub və ya liqa üçün məcburi hesab edilməsi barədədir. Müxtəlif ölkələrin klubları və liqaları hər hansı qaydanın tətbiq olunması barədə fikir ayrılığına səbəb olduqda nə baş verəcəyi də məlum deyil.

Bir çox idman hüquqşünası FİFA-nın tövsiyyələrinin qanuni olaraq qəbul ediləcəyini düşünmür, çünki idman subyektləri arasındakı müqavilələr milli qanunvericiliyə əsasən hazırlanmışdır və bu mübahisələr də, milli qanunvericiliyə əsasən həll edilməlidir. Ən yaxşı halda FİFA-nın təlimatlarının sonrakı fərdi danışıqlarda və milli səviyyədə kollektiv sövdələşmələrdə müsbət təsirinin olacağını düşünülür.

Yuxarıda göstərdiklərimlə yanaşı,  futbolla əlaqədar mübahisələrin müxtəlif hüquqi  münasibətlər zamanı ortaya çıxacağı gözlənilir:

-          İşəgötürən və işçi arasında
-          Liqa və liqanın üzvləri arasında
-          Beynəlxalq federasiyalar və federasiyanın üzvləri arasında
-          Sponsorlar və faydalananlar arasında
-          Yayımçılar və hüquq sahibləri arasında
-          Bilet sahibləri və tədbir təşkilatçıları arasında

Bu mübahisələrdə isə əksər tərəflər ehtimal ki, COVİD-19  pandemiyasının baş verməsini fors-major halı kimi tövsif edilməsini və bu səbəbdən müqavilə öhdəliklərindən azad edilməli olduqlarını iddia edəcəklər.

Fors major halı mülki hüquqla tənzimlənir. Fors-major halları tərəflərin iradəsindən kənar baş verən elə bir hallardır ki, onların baş verməsi tərəflər üçün gözlənilən deyil və bu hallar müqavilənin icrasının ticari olaraq qeyri-mümkün sayılmasına gətirib çıxarır.

İSVEÇRƏ HÜQUQUNDA FORS MAJOR HALININ TƏTBİQİ

Bildiyimiz kimi, əsas beynəlxalq idman federasiyalarının əksəriyyəti İsveçrədə yerləşir, nizamnamələri və fəaliyyətləri də İsveçrə qanunvericiliyinə əsasən təşkil olunur. Bu səbəbdən bu təşkilatlar hər hansı mübahisəyə baxdıqda əksər hallarda İsveçrə qanunvericiliyini tətbiq edir.

Bir qayda olaraq İsveçrə qanunvericiliyinə müraciət etmək məcburi xarakter daşımasa da, COVİD-19 pandemiyası ilə əlaqədar mübahisələrə baxılarkən İsveçrə qanunvericiliyinə tez-tez müraciət olunacağı şübhə doğurmur. Bunun əsas səbəbi  isə COVİD-19 ilə bağlı halların qanuni hala gətirilməsi və vahid presedent halını  almasıdır. Eyni zamanda, işlərin əksəriyyətinin İdman Arbitraj Məhkəməsində baxılacağını və həmin məhkəmənin İsveçrədə yerləşdiyini nəzərə alsaq bunu təsəvvür etmək elə də çətin deyil.

İlk öncə onu qeyd edim ki, əksər yurisdiksiyalarda olduğu kimi, İsveçrə qanunvericiliyində də bir klubun, oyunçular birliyinin və ya liqanın müəyyən tarixdə müddəti bitəcək fərdi əmək müqaviləsinin müddətini birtərəfli qaydada uzatması mümkün deyil.

Eyni zamanda onu da qeyd edim ki, İsveçrə qanunları fors major halının “ümumi müdafiəsini” tanımır. Lakin İsveçrə Öhdəliklər Məcəlləsində (Swiss Code of Obligations) 119-cu maddə, fors major halından müdafiəni əhatə edir:

“Borclu ilə əlaqəli olmayan hallarda öhdəliyin icrası mümkün olmadıqda öhdəlik yerinə yetirilmiş sayılır”.

Bu maddəyə əsasən aşağıdakıları müəyyən edə bilərik:

-          119-cu maddə, Fors major halı səbəbindən öhdəliyin dayandırılmasına imkan vermir.
-         119-cu maddəyə əsasən, öhdəliyin yerinə yetirilməməsi üçün onun icrasının mümkün olmaması             lazımdır.
-          119-cu maddəyə əsasən, bu mümkünsüzlüyə səbəb olan hallar borclu tərəfə aid edilməməlidir.

Bu maddəyə əsasən müəyyən etmək olar ki, İsveçrə qanunvericiliyi fors major halından müdafiəni asanlıqla qəbul etmir.

İsveçrə Öhdəliklər Məcəlləsinə əlavə olaraq, İsveçrə qanunvericiliyi bəzən müqavilənin tarazlığını əhəmiyyətli dərəcədə dəyişdirə biləcək qədər radikal olan şərtlərdə fors major halını qəbul edir. Bu zaman ilkin şərtlər bir tərəf üçün həddindən artıq ədalətsiz hal yaratmalı və vicdanlılıq prinsipinə zidd olmalıdır. Belə hallarda İsveçrə qanunvericiliyi rebus sic stantibus”  doktrinasını tətbiq edir.

rebus sic stantibusdoktrinası tərəflərin fövqəladə və gözlənilməz hadisələr baş verdikdə müqavilə üzrə öhdəlikdən (və ya bütün öhdəliklərdən) azad olma hüququnu təmin edir, hansı ki, bu öhdəliklərin yerinə yetirilə bilməməsi əvvəlcədən gözlənilməz idi.

Beləliklə, rebus sic stantibusdoktrinasının tətbiq edilməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

-        ilkin razılaşmanın fundamental prinsiplərinə zidd olan şəraitdə dəyişiklik baş verməlidir.
-        baş vermiş dəyişiklik əsaslı şəkildə gözlənilməz olmalıdır.
-    tərəflər müqavilə imzalanarkən dolayı və ya açıq şəkildə belə bir dəyişiklik riskini                  qəbul  etməməlidir.                  
-        dəyişiklik müqavilənin tərəfləri tərəfindən baş verməməlidir.
-        dəyişiklik tərəflərin öhdəlikləri arasında ciddi bərabərsizliyə səbəb olmalıdır.

FORS MAJOR: İDMAN ARBİTRAJ MƏHKƏMƏSİNDƏ (CAS)

İdman Arbitraj Məhkəməsinin (İAM) ictimaiyyətə açıq olan qərarlarından görünür ki, məhkəmə fors major halları ilə bağlı işlər zamanı mülki hüquq normalarına əsasən işlərə baxmışdır. Yəni, müvafiq mübahisələrə səbəb olan müqavilələrdə fors major bəndi nəzərdə tutulmasa da, bu halın potensial tətbiqi nəzərdə tutulmuşdur.

Belə ki, İdman Arbitraj Məhkəməsinin, 2018/A/5779 saylı, “Zamalek Sporting Club v. FIFAişində, məhkəmə müqavilənin heç bir bəndinə istinad etmədən, fors major halının mümkünlüyünə baxaraq müəyyən etmişdir:

58. ... fors major halının hüquqi konsepsiyası geniş və beynəlxalq səviyyədə qəbul edilir, xüsusilə, İsveçrə qanunvericiliyinə əsasən etibarlıdır və tətbiq olunur.

60. ... fors-major halı öhdəlik daşıyan tərəfin nəzarəti xaricində olan, gözlənilməz, qarşısı alına bilinməyən və öhdəliyin icrasını qeyri-mümkün edən obyektiv (şəxsi deyil) maneəni nəzərdə tutur.
Lakin qeyd etdiyimiz kimi, İAM hadisənin fors major halı olub olmadığını müəyyən edərkən ciddi  bir test tətbiq edir. Bunu  “CAS 2006/A/1110 PAOK FC v. UEFA” işində, tək arbitrdən ibarət işdə məhkəmə qeyd etmişdir:

17. … fors major hallarının baş verməsi səbəbləri geniş yox, məhdud şəkildə şərh olunmalıdır, çünki fors major, öhdəliyin məcburi qüvvəsini istisna edir.

Bütün bunlara uyğun olaraq, İAM aşağıdakı müraciətlərin hər biri üzrə fors major hallarının mümkünlüyünü rədd etmişdir:

1.      Ağır maliyyə və idman durumu (ödənişi etməməyə görə əsaslandırılmış iddia)
2.      Klubun aşağı divizona düşməsi (ödənişi etməməyə görə əsaslandırılmış iddia)
3.      Siyasi səbəblərə görə klub rəsmilərinin istefası (ödənişi etməməyə görə əsaslandırılmış iddia)
4.      Bank qarantiyasının təmin olunmaması (ödənişi etməməyə görə əsaslandırılmış iddia)
5.      Bank hesablarının qanunsuz olaraq bloklanması (ödənişi etməməyə görə əsaslandırılmış iddia)
6.   Komanda oyunçuları arasında xəstəliyin yaranması (meydançaya çıxmamağa görə əsaslandırılmış iddia)
7.    Ebola virusunun yayılması - 2014-2016 (2015-ci il Afrika Millətlər Kubokunu təxirə salmaq üçün Mərakeş Futbol Federasiyası tərəfindən əsaslandırılmış iddia)

İctimaiyyətə açıq olan materiallara əsasən, bu zamanadək İAM-ın fors major halına dair yalnız bir müsbət qərarına rast gələ bilərik. “CAS 2014/A/3463 & 3464 Alexandria Union Club v. Sánchez & Cazorla işində məhkəmə fors major halının olmasını qəbul etdi.

Bu məhkəmə işi, Misirin futbol klubu və 2 futbol məşqçisi arasında yaranan mübahisəyə aid idi. Misirdə baş verən siyasi proseslərlə əlaqədar olaraq, 2012/2013 futbol sezonu 2013-cü ilin aprelində dayandırıldı və Misir liqasının nəticələri ləğv edildi. Məşqçilər isə bu qərardan sonra əmək müqavilələrinə birtərəfli qaydada xitam verdilər.

Birtərəfli qaydada müqavilələrə son verilməsi ilə bağlı işə baxan yeganə hakim qərarında bunu  qeyd etdi:

80. … Misirdə baş verən vətəndaş müharibəsi, Tərəflərin nəzarəti xaricində olan və müqavilə bağlamazdan öncə tərəflərin ağlabatan şəkildə qarşısını ala bilməyəcəyi və aradan qaldıra bilməyəcəyi qeyri-qanuni bir vəziyyətdir. Bu şərtlərə əsasən, işə baxan hakim, 2012/2013 sezonunun bitməsinə səbəb olan və 1 aprel 2013-cü ildə baş verən hadisələrin, şikayətçinin müqavilə öhdəliklərinin bir hissəsini və ya hamısının yerinə yetirilməsinin qarşısını aldığını bildirdi. Nəticədə, 1 aprel 2013-cü il tarixindən etibarən ərizəçi müvafiq öhdəliklərinin yerinə yetirilməsindən azad edilməlidir.

Bu halları nəzərə alaraq, ictimaiyyətə açıq olan materiallara əsasən, fors major halının bundan öncə İAM da yalnız bir dəfə, tək hakim tərəfindən daxili müharibənin baş verməsi səbəbindən qəbul olunduğunu görə bilərik. Ona görə də, İAM ın fors major arqumentini qəbul etməsi üçün müdaxilə hallarının həddindən artıq olması fikrini qəbul etmək olar.

FORS MAJOR: DİGƏR İDMAN TRİBUNALLARINDA

Əlbəttə İAM ın yurisdiksiyası əhəmiyyətli xarakter daşısa da, lakin idmanla bağlı yeganə qərarverici qurum deyil.

FİFA nın qərar verici orqanları hər il yüzlərlə mübahisələrə baxır. Ona görə də, FİFA tərəfindən  fors major halları ilə bağlı bir çox işlərə baxıldığını qeyd edə bilərik.

İAM kimi FİFA nın da qərar verici orqanları fors major halları ilə bağlı işlər zamanı mülki hüquq prinsiplərini tətbiq edirlər və müqavilələrdə fors major halı nəzərdə tutulmasa da, bu halın potensial tətbiqi nəzərdə tuturlar.

Lakin FİFA nın da fors major halları barədə işlərinə baxdıqda çox nadir hallarda bu hal barədə müsbət qərarlarını tapmaq olar. I v. Club B (2016) işində FİFA Mübahisələrin Həlli Palatası, milli federasiya tərəfindən liqanın ləğv edilməsini, klubun öhdəliklərindən azad edilməsi kimi  fors major halına səbəb olmadığı qərarını vermişdir və  iddianı rədd etmişdir.

Həqiqətən də, FİFA qərar verici orqanlarının fors major halı ilə bağlı müsbət qərarı barədə heç bir mənbədə məlumat yoxdur. Lakin bütün bunlara baxmayaraq, 7 aprel 2020-ci ildə nəhayət ki, FİFA Şura Bürosu (Bureau of FİFA Council) bəyan etdi:

... COVİD-19 pandemiyası, FİFA və futbol üçün əslində bir fors major halıdır.

Bu bəyannamə “Oyunçuların Statusu və Transferi barədə FİFA Əsasnaməsi”nin 27-ci maddəsinə uyğun olaraq qəbul edilmişdir.

... Fors major halları barədə qərar FİFA Şura Bürosu tərəfindən qəbul edilir.

Bu qərar verilərkən, FİFA şübhəsiz ki, COVİD-19 pandemiyasının fors major halı yaradıb yaratmayacağı barədə futbol dünyasında olan anlaşılmazlıqlara qismən son vermək istədi.

Bununla belə, Şuranın qərarlarının bu baxımdan qəti olduğu aydın olsa da, lakin bəyannamənin universal tətbiqinin mümkün olması sual altındadır. Məsələn, nümunə olaraq, hər birimiz Belarusiya çempionatının davam etdiyini bilirik, buna əsasən FİFA tərəfindən bu durumun fors major halı kimi qəbul edildiyinə baxmayaraq, Belarusiyada çempionatın normal qaydada davam etməsi ayrı mübahisə mövzusu yarada bilər.

Nəhayət bunu da qeyd etmək lazımdır ki, FİFA Şura Bürosunun 27-ci maddəyə əsasən qəbul etdiyi qərar yalnız futbolçuların statusu və transfer məsələləri ilə bağlı mübahisələrə aiddir.

NƏTİCƏ:

İsveçrə qanunvericiliyi istər İsveçrə Öhdəliklər Məcəlləsi, istərsə də, “rebus sic stantibusdoktrinası ilə fors major halının müdafiəsinin mümkünlüyünü tanıyır. İdman Arbitraj Məhkəməsi və digər idman məhkəmələri də fors major halını tanıyır və bəzən belə bir müdafiənin həyata keçirilməsini də tətbiq edirlər. Lakin tərəflər, belə bir müdafiənin tətbiq edildiyi halda sərt  testlərin tətbiq olunacağını əvvəlcədən nəzərə almalıdırlar.

COVİD-19 pandemiyasının fors major hadisəsi kimi qiymətləndirilməməsi çox çətin kimi görünsə də, tərəflərin hər hansı mübahisə zamanı fors major iddiası sürərkən hər bir işin xüsusiyyətləri önəmli xarakter daşıyacaq. Bu zaman diqqət ediləcək əsas məsələlər aşağıdakılar olacaq:

-          COVİD-19 pandemiyasının müvafiq regiona və idman sahəsinə təsiri;

-          tərəflərin iqtisadi vəziyyəti;
-          tərəflərin maliyyə vəziyyətini nəzərə almaqla müqaviləyə dəyişikliyin mümkünlüyü;
-          tərəflərin bu cür dəyişikliklər üçün cəhdləri;
-          dəyişikliklər zamanı klubdakı bütün oyunçulara bərabər münasibətin göstərilməsi.

Ümumiyyətlə, COVID-19 pandemiyasının  idman dünyasına təsirini nəzərə alaraq məhkəmələrə ediləcək kütləvi müraciətlərin qarşısının necə alınacağını təxmin etmək çətindir.

Kamil Manafov

İstinadlar:

1.https://www.fifa.com/ - "FIFA guidelines to address legal consequences of COVID-19"