Ümumdünya Antidopinq Agentliyi (WADA)
Ümumdünya Antidopinq
Agentliyi (ÜADA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşəbbüsü və
dövlətlər, beynəlxalq federasiyalar, idman qurumları, idmançıların dəstəyi ilə qurulmuş müstəqil qurumdur.
1999-cu il 10 Noyabrda Lozanna Bəyannaməsi əsasında, İsveçrənin Lozanna
şəhərində idmanda dopinqə qarşı mübarizəni təşviq etmək və monitorinqini həyata
keçirmək üçün qurulmuşdur. 2002-ci ildə mərkəz Kanadanın Montreal, Quebek
əyalətinə köçürülmüşdür. Lozanna isə Avropa üçün regional ofis kimi fəaliyyət
göstərir. ÜADA 600-dən çox idman təşkilatının, o cümlədən, Beynəlxalq İdman
Federasiyaları, Milli antidopinq agentlikləri, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq
Paralimpiya Komitəsinin də qəbul etdiyi Ümumdünya Antidopinq Məcəlləsinin (ÜAM)
hazırlanması və tənzimlənməsinə cavabdehdir. Agentliyin əsas fəaliyyət
istiqamətləri arasında elmi tədqiqat, təhsil, idmançılarla əlaqə, antidopinq
potensialının inkişafı və ÜAM-nin monitorinqi yer tutur. Agentlik öz nümayəndə
heyəti vasitəsilə digər Regional və Milli Antidopinq təşkilatlarının ÜAM-nə
uyğun fəaliyyətini təmin etmək üçün çalışırlar. Eyni zamanda Agentliyin dopinq
nəzarəti üçün tələb olunan elmi araşdırmaları aparmaq üçün 30-a yaxın
akkreditasiya edilmiş labaratoriyası fəaliyyət göstərir.
Ümumdünya Antidopinq Məcəlləsi (WADA Code)
İdmanda dopinqlə mübarizədə bu günə
qədər əldə edilən ən böyük uğurlardan biri uyğunlaşdırılmış antidopinq
qaydalarının, Ümumdünya Antidopinq Məcəlləsinin hazırlanması, qəbul edilməsi və
həyata keçirilməsidir. İdmanda dopinqə qarşı mübarizə çərçivəsində Ümumdünya Antidopinq
Agentliyi tərəfindən 2003-cü il martın 5-də Kopenhagendə qəbul edilmiş
ÜAM ən əsas yeri tutur. Beynəlxalq standartlara uyğun
olaraq antidopinq siyasətinin və qaydalarının ümumdünya idman subyektləri və
dövlət orqanları tərəfindən icrasını tənzimləyən əsas sənəddir: ümumilikdə 4 hissə, 25 maddə və 2 əlavədən ibarətdir.
Məcəllə Antidopinq Təşkilatları arasında əməkdaşlığın təşviq edilməsi
üçün müxtəlif sahələrə aid olan altı əsas beynəlxalq
standartla istifadə edilir: qadağan edilmiş maddələr və üsulların
siyahısı, test, laboratoriya, terapevtik istifadə üçün istisna, şəxsi məlumatın
qorunması və imza edənlər tərəfindən məcəlləyə uyğunluq üzrə. Bu vahid standartlar əvvəllər koordinasiya olunmamış antidopinq səyləri nəticəsində yaranan problemləri həll edir: tədqiqat və sınaq aparmaq üçün tələb olunan ehtiyatların çatışmazlığı və dağılması; istifadə olunan xüsusi maddələr və prosedurlar barədə məlumatın azlığı; dopinqdə təqsirli bilinən idmançılar üçün sanksiyalara uyğun olmayan bir yanaşmanı. Məcəllə bütün idman növlərində və ölkələrdə antidopinq qaydalarının uyğunlaşdırılmasına yönəlik bir sənəddir. İdmançılar üçün istifadəsi və qəbul edilməsi qadağan olan maddələrin və metodların siyahısı illik olaraq Antidopinq Məcəlləsində dərc olunur. İlk dəfə 2004-cü ildə Afina Olimpiya oyunlarında Məcəllə tətbiq olunmağa başlayıb. 2009 və 2015-ci illərdə Məcəllə yeni dəyişikliklərlə qüvvəyə minib. Növbəti dəyişikliklərin isə 2021-ci ilin yanvarında qüvvəyə minməsi gözlənilir.
İdman Arbitraj Məhkəməsi (CAS)
Ümumdünya Antidopinq Agentliyi və Ümumdünya Antidopinq
Məcəlləsinin əsasnamələri, dopinqlə əlaqəli işlərin həllində İdman Arbitraj Məhkəməsini son yurisdiksional səlahiyyətli orqan kimi tanıyır. İdman Arbitraj Məhkəməsi (İAM)
Lozanna şəhərində yerləşən, idman üzrə hüquqi mübahisələri həll edən müstəqil
qurumdur. Beynəlxalq səviyyəli idmançılar və beynəlxalq qurumlarla bağlı olan
bütün mübahisələr öz həllini İAM-da tapır. İAM öz funksiyalarını 150-yə yaxın
arbitrlərin vasitəçiliyi ilə həyata keçirir. İAM-a iki cür mübahisələr təqdim
edilə bilər: kommersiya xarakterli və intizam xarakterli. İntizam xarakterli
mübahisələr adətən dopinq mübahisələrini təşkil edir. Əlavə olaraq, İAM digər
intizam mübahisələrini dinləyir və həll edir (oyun sahəsində zorakılıq, hakimin
qeyri-dürüst vəzifəsindən sui-istifadəsi və s.).
Avropa
Şurasının Antidopinq Konvensiyası
Avropa Şurasının Antidopinq
Konvensiyası bu sahədə ilk çoxtərəfli hüquqi standart kimi 16 dekabr 1989-cu
ildə Strasburqda imzaya açıq elan olundu. Avropa Şurasının üzvləri ilə
yanaşı, üzv olmayan digər qeyri-Avropa
dövlətlərinin də imza hüququ var idi. Bu Konvensiya Antidopinq üzrə universal
modeli yaratmağı iddia etməsə də, lakin tərəflərdən qanunvericilik, maliyyə,
texniki, təhsil və digər tədbirlərin görülməsini tələb edən müəyyən sayda ümumi
standart və qaydalar müəyyənləşdirir. Bu mənada Konvensiya birbaşa əlaqəsi olmadan
ÜADA ilə eyni ümumi məqsədə xidmət göstərir.
Konvensiyanın əsas
məqsədi dopinqə qarşı görülən tədbirlərin milli və beynəlxalq səviyyədə
uyğunlaşdırılmasına kömək etməkdir. Bundan əlavə, Konvensiya onun həyata
keçirilməsini izləmək və qadağan olunmuş maddələrin və metodların siyahısını
vaxtaşırı yenidən nəzərdən keçirmək üçün yaradılan monitorinq qrupunun
missiyasını müəyyən edir. Antidopinq yoxlamalarının qarşılıqlı tanınmasını
təmin etmək və məcburi nəzarət sistemindən istifadə edərək Konvensiyanın icrasını
gücləndirmək məqsədi ilə 1 aprel 2004-cü il tarixində Konvensiyaya əlavə
protokol qüvvəyə minmişdir.
"İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq
Konvensiya
Ölkəmizin də qoşulduğu
"İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiya YUNESKO Baş konfransında 2005-ci ilin
oktyabrında qəbul edilib və 2007-ci ilin fevralında qüvvəyə minib.
Konvensiyanın əsas məqsədi, YUNESKO-nun
bədən tərbiyəsi və idman sahəsində fəaliyyətinin strategiyası və proqramı
çərçivəsində idmanda dopinq tətbiq edilməsinin qarşısının alınmasına və onun
kökünün kəsilməsi naminə ona qarşı mübarizəyə kömək etməkdən ibarətdir. Hökumətlər hüquqi bağlayıcılığı
olmayan Ümumdünya Antidopinq Məcəlləsi kimi sənədlər
əvəzinə, idmanda dopinqə qarşı ilk qlobal beynəlxalq sənəd olan bu Konvensiyanı
fərdi qaydada ratifikasiya edərək həyata keçirirlər.
YUNESKO Konvensiyası,
hökumətlərə daxili siyasətlərini Ümumdünya Antidopinq Məcəlləsi ilə
uyğunlaşdırmağa şərait
yaradan bir vasitədir. Belə ki, Konvensiya hökumətlərin dopinqlə mübarizədə, o cümlədən, dopinq nəzarətini
sadələşdirməklə və milli test proqramlarını dəstəkləməklə öhdəliklərini
rəsmiləşdirir, qadağan olunmuş maddələr ehtiva edə bilən məhsulların
etiketlənməsini, marketinqi və paylanması sahəsində "ən yaxşı
təcrübənin" yaradılmasını təşviq edir, dopinqlə məşğul olan və ya onu
dəstəkləyən şəxslərdən maddi yardımı dayandırmağı, istehsal və alverinə qarşı
tədbirlər görməyi, idman və antidopinq ilə əlaqəli peşələr üçün davranış
kodekslərinin yaradılmasını və təhsil və tədqiqat işlərini maliyyələşdirməyi
təşviq edir.
Milli Qanunvericilik
Ölkəmizdə dopinq
qanunvericiliyi xüsusi olaraq “Bədən
tərbiyəsi və idman haqqında”,“İdmanda
dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”
"İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyaya
qoşulmaq barəsində Azərbaycan
Respublikasının Qanunlarından və Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olaraq Azərbaycan Milli Antidopinq
Agentliyi (AMADA) tərəfindən hazırlanan
Antidopinq Qaydalarından ibarətdir.
“İdmanda dopinq vasitələrindən və üsullarından
istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunu
“İdmanda dopinq vasitələrindən və üsullarından
istifadəyə qarşı mübarizə haqqında” Qanun 2016-cı ilin 29 noyabrında “İdmanda
dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının və Ümumdünya
Antidopinq Məcəlləsinin tələblərinə əsasən hazırlanmışdır. Qanunda Milli
Antidopinq qurumunun fəaliyyəti ilə yanaşı, Terapevtik İstifadəyə İcazə qurumu,
İntizam və Apellyasiya qurumlarınında fəaliyyəti tənzimlənmişdir.
Terapevtik İstifadə üçün
İcazə qurumu beynəlxalq standartlara uyğun olaraq terapevtik istifadə üçün
müraciəti qiymətləndirir və müraciətin qiymətləndirməsinin nəticəsindən asılı
olaraq terapevtik istifadəyə icazə sertifikatını verir və ya verməkdən imtina
edir.
İntizam qurumu
antidopinq qayda pozuntularını müəyyənləşdirmək və onlarla bağlı işlərə
baxmaqla, antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları
müəyyənləşdir. Birinci instansiya rolunu oynayan İntizam qurumunun tətbiq etdiyi
sanksiyaları yalnız apellyasiya qurumu və İdman Arbitraj Məhkəməsi ləğv edə
bilər.
Apellyasiya qurumu bu
Qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq antidopinq qayda
pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirməklə, apellyasiya
instansiyası rolunu oynayır. Apellyasiya qurumu tərəfindən tətbiq edilən son
qərar və ya antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyalar İdman
Arbitraj Məhkəməsindən başqa heç bir qurum tərəfindən dəyişdirilə və ya ləğv
oluna bilməz.
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA)
Azərbaycan Milli
Antidopinq Agentliyi (AMADA) 2016-cı ildə idmanda dopinqə qarşı mübarizə aparan
milli antidopinq agentliyi kimi təsis edilmişdir. Agentliyin missiyasının
hüquqi əsasını Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış və onun
müvafiq Fərmanı ilə qüvvəyə minmiş “İdmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun təşkil edir.
AMADA-nın əsas funksiyaları
antidopinq proqramının idarəetməsi və təşviqatı, yarışma müddəti və yarışmadan
kənar müddətdə testlər keçirmək, sonradan nəticələri emal etmək, idmançıların
maarifləndirilməsi, terapevtik istifadə üçün istisnalar üzrə işin təşkili,
dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası, cəmiyyət və idman
ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması
məqsədilə məlumatlandırma ilə bağlıdır.
AMADA Antidopinq Qaydaları, 13
yanvar 2017-ci ildə təsdiq edilmiş, Ümumdünya Antidopinq Məcəlləsinə uyğun
yazılan əsas sənəddir. 23 maddədən və qoşmadan ibarət olan Antidopinq Qaydaları
milli və beynəlxalq səviyyəli idmançılar, idmançılara dəstək heyəti və digər
şəxslərə tətbiq edilir. Qanunvericiliyə uyğun olaraq, ölkədə bütün idman
subyektləri idmanda dopinqə qarşı mübarizə aparmaq məqsədilə bu qaydalara
riayət etməlidir. Eyni zamanda bu qaydalar AMADA-nın hüquqi strukturunu,
intizam, apellyasiya və terapevtik istifadə üçün icazə qurumunun fəaliyyətini
müəyyən edir.
İstifadə olunmuş mənbələr:
Hiç yorum yok:
Yorum Gönder