28 Mayıs 2020 Perşembe

Transgender idmançılar yarışlarda öz gender kimliklərinə uyğun kateqoriyada iştirak edə bilərlər mi ?



Transgender idmançıların Olimpiya oyunlarında iştirakı təkcə idman qaydaları baxımından yox, eyni zamanda cəmiyyətin gender münasibətlərinə yanaşması baxımından da mübahisələr doğurur. Nəzərə alsaq ki, transgenderlərin cəmiyyətdə ümumiyyətlə qəbul olunmasına dair fikirlər birmənalı deyil, o zaman bunu anlamaq elə çətin deyil. Gələcəkdə gender neytrallığının artması ilə bu mübahisələr daha da arta bilər.
İdman sahəsində həmişə ayrı-seçkiliklə bağlı mübahisələr olub. İdman təşkilatları ədalətin təmin olunması və ayrı-seçkiliyin azaldılması istiqamətində çoxlu səy göstərirlər. Ümumilikdə bütün beynəlxalq idman təşkilatları, xüsusilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) idman yarışlarında idmançıların iştirakının ədalətli təmin olunması üçün çalışmalıdırlar: transgender idmançılarla yanaşı, cisgender  idmançılar üçün də.
Bu müzakirələr zamanı əsas məqsəd sonda hər kəs üçün bərabərlik və bərabər imkanlar təmin etməkdir. Transgender idmançıların Olimpiya oyunlarında iştirakının istisna edilməsi isə bu bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Transgender idmançıların iştirakı məsələləri təkcə həmin idmançılara təsir etmir, eyni zamanda onlara öz rol modeli kimi baxan gənclərə də öz təsirini göstərir. Bu idmançılardan biri kimi, kişidən qadına keçid edən transgender ağırlıqqaldıran Laurel Hubbard’ı misal göstərə bilərik. Keçid etdikdən sonra qadınların ağırlıqqaldırma üzrə kateqoriyasında mübarizə aparan idmançı böyük uğurlar və qələbələr əldə etməyə başlayır. Bu uğurlar, onu izləyən gənc transgender insanlar üçün motivasiya mənbəyi olmaqla, onları idman yarışlarında iştiraka təşviq edir. Eyni zamanda, intihar riski yüksək olan transgender insanlar üçün idman həyat qurtarıcı bir əhəmiyyətə sahibdir: “Onlar özləri ilə mübarizə apardılar və yanlış bədəndə olduqlarını hiss etdilər və idman onlara bədənləri və nələr edə biləcəyi mövzusunda xoşbəxt olmaq üçün bir yer verir”. (Helen Carrol, LGBTQ sports advocate)
Lakin Laurel Hubbard’ın uğurları digər qadın iştirakçılar və məşqçilər arasında ciddi narazılıqlara səbəb oldu. Onun keçmişdə kişilərin kateqoriyasında yarışması və çempion olması da narazılıq səbəblərindən biri idi. Transgender idmançıların hətta idmanı məhv etdiklərini, yarışmaçılar arasında ədalətli rəqabətlilik prinsipinin pozulmasını da iddia edirlər. 
1960-cı illərdə yarışmalarda iştirak edən qadın idmançılar öz cinslərini sübut etmək üçün cinsi orqanlarını yarış rəsmilərinə göstərirdilər. Bir müddət sonra bu  “çılpaq paradlar” özünü xromosom testləri ilə əvəz etdi. Lakin bu yol da effektiv olmadı. 2004-cü ildə BOK transgenderlərə bir neçə ciddi şərtlərlə Olimpiadalarda iştirak icazəsi verdi. Bu şərtlər, cinsiyyət dəyişikliyi üçün əməliyyat, müvafiq rəsmi orqanlar tərəfindən cinsiyyətin hüquqi olaraq tanınması və ən azı 2 illik yoxlanıla bilən hormon əvəzedici terapiyadan ibarət idi. Nəhayət BOK-nin 2015-ci ildə qəbul etdiyi son təlimata əsasən, idmançıların ümumi testesteron səviyyəsinin ən azı son 12 ay ərzində litr başına 10 nanomoldan aşağı olması barədə qərar qəbul edildi. Eyni zamanda cinsiyyət dəyişikliyi üçün əməliyyat da aradan qaldırıldı.
Hal-hazırda qadından kişiyə keçid edən idmançılar məhdudiyyətsiz olaraq kişilərin kateqoriyasında yarışa bilirlər. Burada əsas problem kişidən qadına keçid edən idmançıların qadın kateqoriyasında iştirakı ilə bağlıdır. Bunun əsas səbəbi isə, digər qadın yarışmaçılar üçün ədalətli rəqabətin təşkil olunması və kişi və qadınlar arasında olan fizioloji fərqlərin olmasındadır. Fizioloji fərqlərin əsas amili, ilk növbədə kişi və qadınların idman yarışlarında ayrı-ayrı kateqoriyalarda iştirakıdır. "Ortalama qadının gücü kişinin 3/2 bərabər olur, sümükləri daha kiçik olur və oksigen daşıma qabiliyyəti daha az olur. Fizioloji fərqlərin olması kişilərin daha güclü, sürətli və böyük olmasına gətirib çıxarır. Bu fərqlərin isə hamısını tibbi keçid prosesində idarə etmək olmadığından, kişi olaraq doğulamağın üstünlükləri  transgender idmançılarda qalır." (6, Andrew Latham, 28/06/18)
Kişi və qadın bədənlərini müzakirə edən zaman digər əsas mübahisə mövzusu testesteron fərqində olur. Beynəlxalq Olimpiya Komitəsinin 2015-ci ildə qəbul etdiyi təlimata əsasən, qadın kateqoriyasında yarışan idmançıların ümumi testesteron səviyyəsi ən azı son 12 ay ərzində litr başına 10 nanomoldan aşağı olmalıdır. Lakin qadınlarda olan testesteron səviyyəsinə baxdıqda bu rəqəmin heç də birmənalı qarşılanmadığını görə bilərik. Belə ki, qadın testesteronunun səviyyəsi 0.12-1.79 arasında olur, kişilərdə isə bu 7.7-29.4 arasıdır. Bu isə o deməkdir ki, hətta BOK-un təlimatına əməl edən transgender idmançılarda belə testesteron səviyyəsi qadın idmançılara nisbətən 5 dəfə daha çox ola bilər. Testesteronun daha yüksək səviyyəsi əzələ kütləsini artırır və yorğunluğu azaldır, bu isə yüksək səviyyəli idman yarışlarında idmançılar üçün çox vacib əhəmiyyət daşıyır. Bütün bu səbəblərə görə, testesteronun yüksək səviyyədə olması və fizioloji üstünlüklər transgender qadınlara qarşı yarışarkən digər idmançılar üçün dezavantaj hesab edilir.
Nəticədə, hal-hazırda əksər cəmiyyətlər insanların öz gender kimliklərini dəyişdirmək hüququnu tanıyır, lakin bəzi sahələrdə balansı yaratmaq çox çətin olur və idmandakı rəqabətliliyin qorunması nəzərindən bu çox çətin bir prosesdir. Beynəlxalq idman təşkilatları fizioloji fərqləri müxtəlif qaydalarla həll etməyə çalışırlar, amma bunun qısa müddətdə həll edilməsi gözlənilmir. Həll yolları arasında ən ağlabatan variant isə, qadın kateqoriyasında yarışan idmançıların ümumi testesteron səviyyəsinin 5 nanomala endirilməsi haqqında qərarın verilməsidir. Növbəti Olimpiya oyunlarında BOK tərəfindən bu barədə qərarın verilməsi gözləniləndir.
© Kamil Manafov



İstinadlar:

1. Should Trans Women Compete in Women's Sports? - https://www.wsj.com/articles/should-trans-women-compete-in-women-s-sports-11573602744
2. Trans Athletes Are Posting Victories and Shaking Up Sports https://www.wired.com/story/the-glorious-victories-of-trans-athletes-are-shaking-up-sports/
3.Should Transgender athletes be allowed to compete in the category that matches their gender identity in the 2020 Olympics? - http://www.open.ac.uk/blogs/OU-Sport/?p=2304
4.  This scientist is racing to discover how gender transitions alter athletic performance—including her own  - https://www.sciencemag.org/news/2018/07/scientist-racing-discover-how-gender-transitions-alter-athletic-performance-including
5. Piers Morgan slams Kiwi weightlifter Laurel Hubbard: 'Women's rights to basic fairness and equality are getting destroyed' - https://www.stuff.co.nz/sport/other-sports/119877954/piers-morgan-slams-kiwi-weightlifter-laurel-hubbard-womens-rights-to-basic-fairness-and-equality-are-getting-destroyed
6. Physiological Differences Between Male and Female Athletes  https://work.chron.com/physiological-differences-between-male-female-athletes-20627.html

Hiç yorum yok:

Yorum Gönder