24 Nisan 2020 Cuma

Antidopinq qanunvericiliyi beynəlxalq və yerli səviyyədə


Ümumdünya Antidopinq Agentliyi (WADA)

Ümumdünya Antidopinq Agentliyi (ÜADA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşəbbüsü və dövlətlər, beynəlxalq federasiyalar, idman qurumları, idmançıların dəstəyi ilə qurulmuş müstəqil qurumdur. 1999-cu il 10 Noyabrda Lozanna Bəyannaməsi əsasında, İsveçrənin Lozanna şəhərində idmanda dopinqə qarşı mübarizəni təşviq etmək və monitorinqini həyata keçirmək üçün qurulmuşdur. 2002-ci ildə mərkəz Kanadanın Montreal, Quebek əyalətinə köçürülmüşdür. Lozanna isə Avropa üçün regional ofis kimi fəaliyyət göstərir. ÜADA 600-dən çox idman təşkilatının, o cümlədən, Beynəlxalq İdman Federasiyaları, Milli antidopinq agentlikləri, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsinin də qəbul etdiyi Ümumdünya Antidopinq Məcəlləsinin (ÜAM) hazırlanması və tənzimlənməsinə cavabdehdir. Agentliyin əsas fəaliyyət istiqamətləri arasında elmi tədqiqat, təhsil, idmançılarla əlaqə, antidopinq potensialının inkişafı və ÜAM-nin monitorinqi yer tutur. Agentlik öz nümayəndə heyəti vasitəsilə digər Regional və Milli Antidopinq təşkilatlarının ÜAM-nə uyğun fəaliyyətini təmin etmək üçün çalışırlar. Eyni zamanda Agentliyin dopinq nəzarəti üçün tələb olunan elmi araşdırmaları aparmaq üçün 30-a yaxın akkreditasiya edilmiş labaratoriyası fəaliyyət göstərir.

Ümumdünya Antidopinq Məcəlləsi (WADA Code)

İdmanda dopinqlə mübarizədə bu günə qədər əldə edilən ən böyük uğurlardan biri uyğunlaşdırılmış antidopinq qaydalarının, Ümumdünya Antidopinq Məcəlləsinin hazırlanması, qəbul edilməsi və həyata keçirilməsidir. İdmanda dopinqə qarşı mübarizə çərçivəsində Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2003-cü il martın 5-də Kopenhagendə qəbul edilmiş ÜAM ən əsas yeri tutur. Beynəlxalq standartlara uyğun olaraq antidopinq siyasətinin və qaydalarının ümumdünya idman subyektləri və dövlət orqanları tərəfindən icrasını tənzimləyən əsas sənəddir: ümumilikdə 4 hissə, 25 maddə və 2 əlavədən ibarətdir. Məcəllə Antidopinq Təşkilatları arasında əməkdaşlığın təşviq edilməsi üçün müxtəlif sahələrə aid olan altı əsas beynəlxalq standartla istifadə edilir: qadağan edilmiş maddələr və üsulların siyahısı, test, laboratoriya, terapevtik istifadə üçün istisna, şəxsi məlumatın qorunması və imza edənlər tərəfindən məcəlləyə uyğunluq üzrə. 

Bu vahid standartlar əvvəllər koordinasiya  olunmamış antidopinq səyləri nəticəsində yaranan problemləri həll edir: tədqiqat və sınaq aparmaq üçün tələb olunan ehtiyatların çatışmazlığı və dağılması; istifadə olunan xüsusi maddələr və prosedurlar barədə məlumatın azlığı; dopinqdə təqsirli bilinən idmançılar üçün sanksiyalara uyğun olmayan bir yanaşmanı. Məcəllə bütün idman növlərində və ölkələrdə antidopinq qaydalarının uyğunlaşdırılmasına yönəlik bir sənəddir. İdmançılar üçün istifadəsi və qəbul edilməsi qadağan olan maddələrin və metodların siyahısı illik olaraq Antidopinq Məcəlləsində dərc olunur. İlk dəfə 2004-cü ildə Afina Olimpiya oyunlarında Məcəllə tətbiq olunmağa başlayıb. 2009 və 2015-ci illərdə Məcəllə yeni dəyişikliklərlə qüvvəyə minib. Növbəti dəyişikliklərin isə 2021-ci ilin yanvarında qüvvəyə minməsi gözlənilir.

 
İdman Arbitraj Məhkəməsi (CAS)

Ümumdünya  Antidopinq Agentliyi və Ümumdünya Antidopinq Məcəlləsinin  əsasnamələri,  dopinqlə əlaqəli işlərin həllində İdman Arbitraj Məhkəməsini son yurisdiksional səlahiyyətli orqan kimi tanıyır. İdman Arbitraj Məhkəməsi (İAM) Lozanna şəhərində yerləşən, idman üzrə hüquqi mübahisələri həll edən müstəqil qurumdur. Beynəlxalq səviyyəli idmançılar və beynəlxalq qurumlarla bağlı olan bütün mübahisələr öz həllini İAM-da tapır. İAM öz funksiyalarını 150-yə yaxın arbitrlərin vasitəçiliyi ilə həyata keçirir. İAM-a iki cür mübahisələr təqdim edilə bilər: kommersiya xarakterli və intizam xarakterli. İntizam xarakterli mübahisələr adətən dopinq mübahisələrini təşkil edir. Əlavə olaraq, İAM digər intizam mübahisələrini dinləyir və həll edir (oyun sahəsində zorakılıq, hakimin qeyri-dürüst vəzifəsindən sui-istifadəsi və s.).

Avropa Şurasının Antidopinq Konvensiyası

Avropa Şurasının Antidopinq Konvensiyası bu sahədə ilk çoxtərəfli hüquqi standart kimi 16 dekabr 1989-cu ildə Strasburqda imzaya açıq elan olundu. Avropa Şurasının üzvləri ilə yanaşı,  üzv olmayan digər qeyri-Avropa dövlətlərinin də imza hüququ var idi. Bu Konvensiya Antidopinq üzrə universal modeli yaratmağı iddia etməsə də, lakin tərəflərdən qanunvericilik, maliyyə, texniki, təhsil və digər tədbirlərin görülməsini tələb edən müəyyən sayda ümumi standart və qaydalar müəyyənləşdirir. Bu mənada Konvensiya birbaşa əlaqəsi olmadan ÜADA ilə eyni ümumi məqsədə xidmət göstərir. 

Konvensiyanın əsas məqsədi dopinqə qarşı görülən tədbirlərin milli və beynəlxalq səviyyədə uyğunlaşdırılmasına kömək etməkdir. Bundan əlavə, Konvensiya onun həyata keçirilməsini izləmək və qadağan olunmuş maddələrin və metodların siyahısını vaxtaşırı yenidən nəzərdən keçirmək üçün yaradılan monitorinq qrupunun missiyasını müəyyən edir. Antidopinq yoxlamalarının qarşılıqlı tanınmasını təmin etmək və məcburi nəzarət sistemindən istifadə edərək Konvensiyanın icrasını gücləndirmək məqsədi ilə 1 aprel 2004-cü il tarixində Konvensiyaya əlavə protokol qüvvəyə minmişdir.

"İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiya

Ölkəmizin də qoşulduğu "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiya YUNESKO Baş konfransında 2005-ci ilin oktyabrında qəbul edilib və 2007-ci ilin fevralında qüvvəyə minib. Konvensiyanın əsas məqsədi, YUNESKO-nun bədən tərbiyəsi və idman sahəsində fəaliyyətinin strategiyası və proqramı çərçivəsində idmanda dopinq tətbiq edilməsinin qarşısının alınmasına və onun kökünün kəsilməsi naminə ona qarşı mübarizəyə kömək etməkdən ibarətdir. Hökumətlər hüquqi bağlayıcılığı olmayan Ümumdünya Antidopinq Məcəlləsi kimi sənədlər əvəzinə, idmanda dopinqə qarşı ilk qlobal beynəlxalq sənəd olan bu Konvensiyanı fərdi qaydada ratifikasiya edərək həyata keçirirlər.
YUNESKO Konvensiyası, hökumətlərə daxili siyasətlərini Ümumdünya Antidopinq Məcəlləsi ilə uyğunlaşdırmağa şərait yaradan bir vasitədir. Belə ki, Konvensiya hökumətlərin dopinqlə mübarizədə, o cümlədən, dopinq nəzarətini sadələşdirməklə və milli test proqramlarını dəstəkləməklə öhdəliklərini rəsmiləşdirir, qadağan olunmuş maddələr ehtiva edə bilən məhsulların etiketlənməsini, marketinqi və paylanması sahəsində "ən yaxşı təcrübənin" yaradılmasını təşviq edir, dopinqlə məşğul olan və ya onu dəstəkləyən şəxslərdən maddi yardımı dayandırmağı, istehsal və alverinə qarşı tədbirlər görməyi, idman və antidopinq ilə əlaqəli peşələr üçün davranış kodekslərinin yaradılmasını və təhsil və tədqiqat işlərini maliyyələşdirməyi təşviq edir.

Milli Qanunvericilik

Ölkəmizdə dopinq qanunvericiliyi xüsusi olaraq  “Bədən tərbiyəsi və idman haqqında”,“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində  Azərbaycan Respublikasının Qanunlarından və Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olaraq Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən hazırlanan  Antidopinq Qaydalarından ibarətdir.

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunu

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanun 2016-cı ilin 29 noyabrında “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının və Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə əsasən hazırlanmışdır. Qanunda Milli Antidopinq qurumunun fəaliyyəti ilə yanaşı, Terapevtik İstifadəyə İcazə qurumu, İntizam və Apellyasiya qurumlarınında fəaliyyəti tənzimlənmişdir.
Terapevtik İstifadə üçün İcazə qurumu beynəlxalq standartlara uyğun olaraq terapevtik istifadə üçün müraciəti qiymətləndirir və müraciətin qiymətləndirməsinin nəticəsindən asılı olaraq terapevtik istifadəyə icazə sertifikatını verir və ya verməkdən imtina edir.
İntizam qurumu antidopinq qayda pozuntularını müəyyənləşdirmək və onlarla bağlı işlərə baxmaqla, antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdir. Birinci instansiya rolunu oynayan İntizam qurumunun tətbiq etdiyi sanksiyaları yalnız apellyasiya qurumu və İdman Arbitraj Məhkəməsi ləğv edə bilər.
Apellyasiya qurumu bu Qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirməklə, apellyasiya instansiyası rolunu oynayır. Apellyasiya qurumu tərəfindən tətbiq edilən son qərar və ya antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyalar İdman Arbitraj Məhkəməsindən başqa heç bir qurum tərəfindən dəyişdirilə və ya ləğv oluna bilməz.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA)

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2016-cı ildə idmanda dopinqə qarşı mübarizə aparan milli antidopinq agentliyi kimi təsis edilmişdir. Agentliyin missiyasının hüquqi əsasını Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış və onun müvafiq Fərmanı ilə qüvvəyə minmiş “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun təşkil edir.

AMADA-nın əsas funksiyaları antidopinq proqramının idarəetməsi və təşviqatı, yarışma müddəti və yarışmadan kənar müddətdə testlər keçirmək, sonradan nəticələri emal etmək, idmançıların maarifləndirilməsi, terapevtik istifadə üçün istisnalar üzrə işin təşkili, dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası, cəmiyyət və idman ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması məqsədilə məlumatlandırma ilə bağlıdır.

AMADA Antidopinq Qaydaları, 13 yanvar 2017-ci ildə təsdiq edilmiş, Ümumdünya Antidopinq Məcəlləsinə uyğun yazılan əsas sənəddir. 23 maddədən və qoşmadan ibarət olan Antidopinq Qaydaları milli və beynəlxalq səviyyəli idmançılar, idmançılara dəstək heyəti və digər şəxslərə tətbiq edilir. Qanunvericiliyə uyğun olaraq, ölkədə bütün idman subyektləri idmanda dopinqə qarşı mübarizə aparmaq məqsədilə bu qaydalara riayət etməlidir. Eyni zamanda bu qaydalar AMADA-nın hüquqi strukturunu, intizam, apellyasiya və terapevtik istifadə üçün icazə qurumunun fəaliyyətini müəyyən edir.


 Kamil Manaf

İstifadə olunmuş mənbələr:




28 Mart 2020 Cumartesi

Futbolçular niyə yüksək məbləğdə əmək haqqı alırlar ?


Dünyanın ən yaxşı idmançıları ilə böyük məbləğlər qarşılığında müqavilələrin bağlandığını eşitməyə alışmışıq. Lakin bəzi idman növlərində əmək haqqı  və oyunçuların dəyərinin artması dramatik xarakter daşıdığından bu, hal-hazırda hər kəs tərəfindən birmənalı qarşılanmır.  Bu mənzərəyə əksər hallarda dünyanın ən populyar idman növü olan futbolda rast gəlinir.

Öncə bunu qeyd edim ki, bütün peşəkar futbolçular milyonlar qazanmır. Orta səviyyəli profesional futbolçu karyerası ortalama 8-10 il müddətində olur. Beləliklə, peşəkar bir futbolçunun orta hesabla 8-10 mövsümü var ki, normal peşə sahibinin  təqaüdə çıxmazdan əvvəlki müddət ərzində qazana biləcəyi qazancı əldə etsin.

Bu zaman düşünə bilərik ki, futbolçular karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərə bilirlər. Amma statistikaya əsasən, futbol mütəxəssisi kimi karyerasına başlayan keçmiş futbolçulardan ilk 2 ildə 50%-i, ilk 5 ildə isə cəmi 20%i öz işlərini davam etdirir.

1960-70 ci illərdə futbolçular öz güclərini sübut etdiyi və bunun qarşılığını tələb etdiyi dövrlərdə transfer və əmək haqqı qaydalarında müəyyən dəyişikliklər başladı.  1960-cı illərin əvvəllərində "Maksimum əmək haqqı" prinsipi ləğv edildikdə, klublara daha yaxşı oyunçuları  cəlb etmək üçün daha böyük məbləğdə pullar təklif etmək mümkün oldu. 1979-cu ildə İngiltərə Birinci Divizionunda mübarizə aparan “Nottingham Forest” klubu  hücumçu Trevor Francisi transfer etməklə dünyanın ilk milyon funt sterlinqlik müqaviləsini bağlamış oldu.

1995-ci ildə Avropa Ədalət Məhkəməsi  “Bosman” işində oyunçuların xeyrinə qərar verdikdən sonra daha yüksək əmək haqqı üçün yeni qapılar açıldı. Qərara görə,  klubla müqaviləsi başa çatmış futbolçular transfer haqqı ödənilmədən başqa kluba keçə bilərdilər. Bununla da, əvvəllər transfer haqqına sərf edilən pullar artıq futbolçulara maaş təklifi üçün istifadə olunmağa başladı və Avropanın ən güclü klubları futbolçulara  yüksək maaşlar təklif edərək bir-birləri ilə rəqabətə girdilər.

Nəticə olaraq, futbolçuların dünyanın ən çox maaş alan idmançıları sırasına düşdüyü müddətədək  maaşları daim artan traektoriya ilə davam etdi. Məsələn, dünyanın ən çox qazanan oyunçusu Barselona və Argentina milli komandasının üzvü Lionel Messi maaş və digər gəlirlərini nəzərə alsaq ayda 7 milyon funt sterlinq qazanır. Bu, Baş nazirin maaşının təxminən 600 misli hesab oluna bilər. Maaş artımı yalnız məşhur futbolçulara şamil edilmir. Hal-hazırda Premyer Liqanın orta səviyyəli klubunda forma geyinən oyunçu 1960-cı illərdə dövrünün ən güclüsü sayılan futbolçuların  1 ildə əldə etdikləri əmək haqqını 1 həftə ərzində qazanır.

Futbolçulara bu qədər məbləğlər niyə verilir : tələb və təklifin iqtisadi nəzəriyyəsi.

Tələb və təklif bir az cazibə qanununun iqtisadi versiyasına bənzəyir. Bu vəziyyətdə, təklif, İngiltərə Premyer Liqası kimi üstün çempionatlarda oynamağı bacaran futbolçuların sayıdır. Tələb isə, oyunçuları almaq istəyən komandaların sayı ilə müəyyən olunur.

Futbol dünya səviyyəsində məşhur bir idman növüdür, milyonlarla gənclər isə məşhur futbolçu olaraq zirvəyə çıxmaq istəyirlər, lakin onlardan çox az bir qismi ən yaxşı liqalarda oynamaq üçün kifayət qədər bacarıqlı və istedadlı olurlar. Futbolçuların sayı çox olsa da, Messi və Ronaldo kimi istedadlı oyunçular çox az hallara yetişir.

Futbolun vətəni sayılan İngiltərədə üst liqalarda oynamaq üçün mübarizə aparan çoxlu sayda gənc oyunçular var. Burada hər il aşağı liqalarda oynayan  1.5 milyon gənc oyunçudan yalnız 180-in nəticədə peşəkar futbolçu kimi Premyer Liqaya çıxacağı təxmin edilir. Buna görə də potensial super ulduzların sayı azdır, komandanın titul qazanma şansını artırdığı üçün  istedadlı futbolçulara tələbat çox  yüksəkdir.

Oyunçular aşağıdakı meyarlara əsasən daha çox məvacib alırlar:
1.      Performans amili
2.      Liqa
3.      Futbolçunun imici
4.      Yaş amili
5.      Beynəlxalq status (hansı ölkənin milli komandasında oynaması)
6.      İstedad və bacarıq
7.      Zədələnmə həssaslığı və tarixi

Klublar əvvəlkindən daha çox qazanc əldə etdikləri üçün oyunçulara getdikcə daha yüksək maaş verilir. Ödənişli Televiziya bazarı kimi qloballaşma və texnoloji irəliləyişlər nəticəsində futbol daha məşhur idman növünə çevrildi və daha çox qazanc əldə etdi. Bütün sektorlardan olan şirkətlərin futbolla əlaqələndirilməsini istəməsinin səbəbi, milyardlarla insanın auditoriyasını cəlb etməsi və dünyada hər hansı bir marka üçün ekspozisiya təklif etməsidir. 1992-97-ci illərdə Premyer Liqanın ilk mövsümləri üçün yayım  hüquqları 200 milyon funt sterlinqdən az  məbləğə satıldı. 2016-19 illəri üçün isə  Televiziyalara yayım hüquqları  5 milyard funt sterlinqdən daha artıq məbləğə satıldı. Bu məbləğ birbaşa Premyer Liqa klublarına çatır, bu da oyunçulara daha çox pullar xərcləmək imkanı verir.

Son illərdə idman böyük biznesə çevrildiyindən qumar və mərc şirkətlərinin əksəriyyəti də futbol oyunları ilə əlaqəlidirlər. Bəzi mərc şirkətləri futbol çempionatlarına, klublara sponsorluq etməklə yanaşı, futbol oyunlarının geniş miqyasda təbliğini aparır və futbol oyunlarından yüksək məbləğlər əldə edir.


Əlbəttə ki, bu, maaş artımının qeyri-müəyyən davam edəcəyi demək deyil. Futbol populyarlığının azalması ilə qarşılaşarsa, reklam, yayım və sponsorluq gəlirləri azalacaq və oyunçu maaşları azaldılmalı olacaq. Ancaq hal-hazırda buna dair bir işarə yoxdur və yaxın gələcəkdə futbolçuların maaşlarının artmaqda davam edəcəyi ehtimalı var.


Kamil Manafov



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1.Royal club liégeois SA v Jean-Marc Bosman and others - Eur-lex.
2.A demographic analysis of MLS players - soccermetrics.net
3. Why are football players paid so much ? - Charlie Hodge 
4.Why are football players paid so much ? - Bank of England
5. Wikipedia.org








13 Mart 2020 Cuma

İdmanda dopinq, əsla bitməyən hekayə ?



Antidopinq qurumları tərəfindən qadağan edilmiş maddələrin idmançılar tərəfindən istifadə edilməsinin məqsədi yarışlarda rəqabət zamanı üstünlük qazanmaqdır. İdman beynəlxalq anlaşma və əməkdaşlığın inkişafında mühüm rol oynadığından, dopinq məhsullarından və metodlarından geniş istifadə edilməsi yalnız idmançıların sağlamlığına deyil, həm də idmanın imicinə təsir edir. Beləliklə, dopinq idmanda həm etik, həm də tibbi səbəblərdən qadağan olunur.

Hər nə qədər antidopinq nəzarəti güclənsə də, dopinq istifadəsinin ört-basdır edilməsi üçün nəzərdə tutulan üsullar daha çox inkişaf edir. Demək olar ki, bu üsullar adətən dopinq aşkaretmə mexanizmlərindən bir addım öndə olur.

Tətbiq olunan idman növlərindən və tələb olunan fiziki xüsusiyyətlərindən aslı olaraq idmançılar dopinqin aşağıdakı faydalarından yararlanırlar:
-          zədədən yaxa qurtarmaq, məşqdən sonra bədənin bərpa qabilliyyətini artırmaq, əzələ kütləsini və gücünü artırmaq, yağ toxumasını azaltmaq və dözümlülüyü artımaq üçün.

Dopinq halları bəzən idman yarışlarında idmançıların uğurlu nəaliyyətlərinə güvən problemi yaradır, bəzi "arena qəhrəmanlarının" qələbələrini şübhə altına alır və mübahisələndirir. Maddi maraqlar, daha yaxşı nəticələr əldə etmək üçün təzyiq, idman yarışlarının mediada işıqlandırılması və ən nəhayət insan təbiəti bu vasitələrdən istifadənin əsas səbəbləridir.

İndiki zamanda idman yalnız idman deyil, idman bir sənaye, bir iş, siyasi və ya milli qürur üçün bir səbəb halına gətirildiyindən bu faktlar oyun qaydalarını pozub qalib gəlmək üçün bir səbəb ola bilər. Bəzən şüurlu şəkildə kamuflyaj edilmiş, geniş auditoriyası olan bəzi idmançılar, "yəqin ki, məni tutmayacaqlar" deyə düşünürlər, çünki bugün idman sponsor, reklam müqaviləsi və pul deməkdir və bəziləri düşünür ki, bütün bunlar üçün risk almağa dəyər. Hətta bu risk onların sağlamlıqları üçün təhlükə (adətən böyük və bərpası mümkün olmayan) olsa belə əhəmiyyət kəsb etmir.

İdmançılar hansı vasitələrlə çox pul qazanır? Mühüm bir yarışlardan və sponsorlardan. İdman tədbirlərinin təşkilatçıları əsas pul mükafatlarını haradan alırlar? Sponsorlardan. Niyə sponsorlar xeyli miqdarda mükafatlar verirlər? Yayım və ən yaxşı idmançıların iştirak etdiyi birinci dərəcəli idman tədbiri ilə əməkdaşlıq üçün. Birinci dərəcəli idman tədbirini kim izləyir? Hər kəs. İdmançılar gözlənilən şounu təqdim etmədikdə artıq eyni insanlar yarışı izləməyəcəklər. İdmançılar bu gün bir idman hadisəsinin kommersiya tərəfini təmin edən Qədim Romadakı qladiatorlarla əlaqələndirilə bilər. Əgər insanlar müasir arenada hadisəni bəyənirlərsə, onda idman tədbirinin kommersiya uğuru təmin edilir və sponsorlar gələcək tədbirləri maliyyələşdirməyə razı olur, beləliklə təşkilatçılara idmançılar üçün əhəmiyyətli hədiyyələr vermək üçün vəsait verirlər.

İdmanda dopinq fenomeni, dopinq üçün istifadə olunan dərmanlar kimi, artır və şaxələndirilir. Yeni aşkarlanan dopinq metodları və bu metodların qarşısını kəsməyə çalışan idman etikası təşkilatları arasında davamlı bir yarış var. Təəssüf ki, əksər vaxtlarda birinci kateqoriyada olanlar bir addım öndə olurlar.

Dopinqə səbəb ola biləcək digər əsas amil maliyyə tərəfidir. Bir çox hallarda yalnız yaxşı nəticələr sponsorlara və ictimaiyyətə təqdim olunduğu üçün bu digər idmançılarda dopinqdən istifadəyə kifayət qədər motivasiya yaradır.

Xəsarətlər, bir çox idmançının karyerasını təhlükə altına almasının başqa bir səbəbidir, rəqabətə qayıtmaq istəyi karyeralarına son verə biləcək kompromislərə səbəb ola bilər. Buna görə də dopinqdən istifadəni özləri üçün uyğun variant hesab edirlər.

Məşqçilər idmançıların dopinqdən istifadəsində mühüm rol oynayırlar, əksər hallarda idmançılara qadağan olunmuş maddələr təklif etməklə və ya onları dopinqlə məşğul olan insanlarla tanış etməklə qanunsuz hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Bəzi hallarda maddənin faydasını bilməyən və ya həmin maddənin qadağan olunmuş siyahıda olduğu ilə bağlı məlumatı olmayan idmançılar həkim məsləhəti ilə bu kimi maddələri istifadə edirlər. Digər bir maraqlı hal, İnternetdə icazəsiz saytlardan alınan qida əlavələri ilə bağlıdır. İnandırıcı mesajlarla yaxşı reklamlar etməklə, bu əlavələri istənilən idmançı ala bilər. Təəssüf ki, bu qida əlavələrinin tərkibini müəyyənləşdirən bir qurum yoxdur, buna görə hər bir idmançı onlardan istifadə etməyi qərara aldıqda potensial dopinq riskini götürür.

Qeyd etmək vacibdir ki, hüquqi baxımdan idmançı bədəninə daxil olan maddələrdən 100% məsuliyyət daşıyır. Beləliklə, idmançı təsadüfən qadağan edilmiş bir maddə istifadə edirsə, yenə də buna görə məsuliyyət daşıyır.

Dopinq maddələrinin bədənə təsiridə bu sahə üçün vacib bir mövzudur. Məsələn, süni testesteron bədəndə təbii testesteronun endogen istehsalının dayandırılmasına səbəb olur. Fərq ondadır ki, bugünkü dopinq maddələri bəzi idmançıların 40-50 il əvvəl qəbul edib həyatlarını itirdiyi maddələrdən daha təhlükəsizdir. Əslində bu gün bir çox steroid tibbi baxımdan istifadə olunur və çətin əməliyyatlar keçirən və daha sürətli sağalmağa ehtiyacı olan xəstələrə tətbiq olunur.

Həkimlərin razılığı ilə müxtəlif dərmanlardan istifadə edən idmançılar belə maddələrin istifadəsini mütləq  elan etməlidirlər, antidopinq agentlikləri maddənin idmançıların sağlamlıq vəziyyətlərini yaxşılaşdırmaq üçün istifadə olunduğunu bilirlər.

Dopinq fenomenini minimuma endirmək üçün, gənc yaşda idmançıları və digər maraqlı tərəfləri (məsələn, idmançıların həkimləri, məşqçiləri və ya ailəsi) cəlb etməklə maarifləndirici və profilaktika proqramları təşkil etmək və həmin tərəfləri məlumatlandırmaq lazımdır.

Sonda belə bir nəticəyə gələ bilərik ki, insan təbiətini və peşəkar idmanın sosial və iqtisadi təsirlərini nəzərə alaraq, idmanda dopinqin sona çatması qeyri-real görünsədə, qadağan olunmuş maddələrin aşkarlanması üçün istifadə olunan elmi prosedurların təkmilləşdirilməsi təbii ki, zəruridir. Bu cür maddələrin yayılmasının, marketinqinin və istifadəsinin qarşısını almaq üçün səlahiyyətli orqanların iştirakı ilə daha sərt qanunvericilik tələb olunur. İdmanda ədalətli oyunun bərpası üçün qətiyyətli tədbirlər və ən əsası gənc idmançıların etik və ədalətli oyun tərbiyəsi lazımdır.

Kamil Manaf

İstifadə olunmuş ədəbiyyat :

Doping in Sports, Never-Ending story ?-Robert Alexandru Vlad,Gabriel Hancu,Gabriel Cosmin Popescu,Ioana Andreea Lungu.
İntroduction to Sports law With Case Studies in Sports law (2017,297 p.)
Doping in Sports - Detlief T Hemmersbach P.

9 Aralık 2019 Pazartesi

İdman hüququnun əhəmiyyəti

     
                        İdman hüququnun əhəmiyyəti

 İdmançıların davranışlarını və onlara nəzarət edən qurumları tənzimləyən sərt qanun-qaydalar olmasaydı, idman indiki qədər uğurlu və populyar olmazdı. Hər il ötən ildəkinə nisbətdə daha çox idman yarışları keçirilir və daha çox idmançı bu təbirlərə qoşulur, mükafatlar qazanır. Lakin bütün bu sadalanan proses boyu idman hüququnun əhəmiyyəti elə də nəzərə çarpmır.                                                                                                    Üzdə olan simalar əksər hallarda idmançılar olduğu üçün bu işin hüquqi tərəfi hər zaman arxa planda qalır. Buna görə də idman hüququ anlayışı, idman və hüququn əlaqəsi insanlara ilk baxışdan yad gələ bilər.                                                                                
İdman hüququ idmançılara iştirak etdikləri müxtəlif yarışlarda bərabər imkanlar və seçimlər verilməsini təmin edir. Onlara dini, irqi, boy və çəki amillərinə görə ayrıseçkiliyin edilməsinə qarşı çıxır. Hər bir kəs hər hansı bir idman növündə bacarığı və istedadı olduğu müddətdə ədalətli fürsət əldə etmək hüququna malik olur. İstənilən idman növündə yarışlarda məhdud yerlər olduğu üçün, seçim prosesi ədalətli olmalıdır. Ədalətin olması isə müvafiq qanunlarla tənzimlənməlidir. Məsələn, dünyanın ən məşhur idman növü olan futbol, “Beynəlxalq Futbol Assosiasiyasının İdarə Heyəti” (The International Football Association Board) tərəfindən hazırlanmış 17 qaydaya əsasən bütün dünyada, ən ucqar kəndlərdən tutmuş Dünya Çempionatınadək eyni qaydalarla oynanılır. Bu qaydalar sayəsində futbol oyunları zamanı müəyyən praktika formalaşır ki, həmin praktikaya əsasən də həm oyunçular, həm hakimlər, həm də tamaşaçılar oyun zamanı hadisələrin gedişatını müəyyən etməkdə çətinlik çəkmirlər.
Ədalətli seçim və idmançıların yarışlara qatılmaq prosesindən sonrakı mərhələ isə ədalətli qonorar məsələsidir. Buna nəzarət edən bir qurum olmazsa, idmançılar öz rəhbərlərinin (komanda sahibləri) mərhəmətinə qalarlar. İdman hüququ isə bunun baş verməsinə mane olur. Ədalətli qonorar aldıqdan sonra, idmançılar da digər vergi ödəyiciləri kimi vergi ödəməlidirlər. Vergi öhdəliklərini yerinə yetirmədikləri halda, ölkələr hər il milyonlarla vergidən məhrum olar. Məsələn, dünyanın ən güclü futbol liqalarından olan İspaniya çempionatında futbolçulardan 52%-dək vergi tutulur. Eyni zamanda, oyunçular böyük miqdarda pullar qazanmaqla, bazarda ədalətsiz üstünlük əldə edə bilərdilər. İdman hüququ həmçinin, oyunçuları işsizlikdən də qoruyur. Tərəflər arasında bağlanan müqavilə idmançıların səbəbsiz yerə işəgötürənlər tərəfindən işdən azad edilməsinin qarşısını alır.  Bu, balans yaratmaq və zərərli tətbiqlərin qarşısını almaq üçün nəzərdə tutulub. Müqavilə tərəflərə bərabər imkanlar yaratmalı, oyunçuların müqavilənin şərtlərini tam şəkildə yerinə yetirməsinə imkan verməlidir. Digər tərəfdən oyunçular da müqavilənin şərtlərinə əməl etməyə borcludurlar. Eyni zamanda işçilər iş zamanı xəsarət aldığı kimi, oyunçular da oyun müddətində zədələnirlər. Belə anlarda oyunçuların işəgötürənlər tərəfindən göstərilən səhiyyə xidmətlərindən istifadə etmək hüququ vardır. Bunu biz əyani şəkildə oyun zamanı zədələnən oyunçu olduqda meydana çıxan tibbi heyətin simasında görə bilirik. Bununla yanaşı, oyunçulara zədədən qayıtdıqdan sonra oynamaq imkanları yaradılmalıdır. Bir oyunçu ağır zədə səbəbindən oynaya bilmədiyi hallarda isə kompensasiya almaq hüququna malikdir.

İdman hüququ həmçinin idmançıların dopinq və narkotik vasitələrdən istifadə edərək yaxşı nəticələr qazanmasının da qarşısını alır. Bunun üçün oyundan və ya yarışlardan dərhal sonra yaxşı tərəfdən seçilən və yaxşı nəticələr qazanmış idmançılar dopinq testindən keçirilir. Bütün bunlara dair siyasət və qaydalar tənzimləyici orqanların haqsız əməllərindən yayınmaq üçünxüsusi qanunlarla yaxşı müəyyən edilmişdir. Bu yolla, idman hüququ hər addımda mükəmməl yoxlama və tarazlıq sistemi yaradır.
  
Mənbə: